ABŞ Prezidenti Donald Trampın İranla tammiqyaslı müharibəyə yalnız Amerika əsgərlərinin hədəf alınması və öldürülməsi halında gedəcəyi bildirilir.
EDnews GDH-yə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranla həftələrdir davam edən atəşkəsi qorumaqda qərarlıdır.
“Wall Street Journal” qəzetinə danışan ABŞ rəsmilərinin sözlərinə görə, Tramp öz əməkdaşlarına bildirib ki, Amerika əsgərləri öldürülmədiyi müddətdə İranla tammiqyaslı müharibəyə başlamaq niyyətində deyil.
Məlumata görə, ABŞ Prezidenti Yaxın Şərqdə daha genişmiqyaslı müharibənin qarşısını almaq üçün müəyyən kiçikmiqyaslı hücumlara dözümlü yanaşa bilər.
Aprelin əvvəlində əldə olunan atəşkəsdən sonra bölgədə son günlər ən gərgin toqquşmaların yaşandığı bildirilir. İranın regional ABŞ bazalarına və Küveyt hava limanına hücumları nəticəsində bir nəfərin öldüyü qeyd olunur.
ABŞ Dövlət katibi Marko Rubio isə qarşılıqlı hücumların tammiqyaslı müharibə anlamına gəlmədiyini bildirib.
Rubio ABŞ-ın addımlarının müdafiə xarakterli olduğunu vurğulayaraq deyib:
“Əgər onlar gəmilərə atəş açmasalar, biz də açmayacağıq, amma cavab verməliyik”.
Tramp isə Oval Ofisdə çıxışı zamanı Yaxın Şərqdəki atəşkəs anlayışını belə şərh edib:
“Dünyanın bu hissəsində atəşkəs daha mülayim atəş açdığınız zaman baş verir”.
ABŞ Prezidenti vəziyyətin nəzarət altında olduğunu bildirib və Tehrana “Tanqo üçün iki nəfər lazımdır” mesajını göndərib.
Məlumata görə, Tramp administrasiyası təxminən 60 günlük danışıqlar prosesini müəyyən edəcək “anlaşma memorandumu” üzərində işləyir.
Bununla belə, Tramp İranın son təklifini rədd edib və danışıqlardan əvvəl ciddi güzəştlər tələb edib.
Tehran isə yalnız ABŞ-ın dondurulmuş İran aktivlərini azad edəcəyi halda danışıqlar masasına oturacağını bildirir.
Prosesin qarşısındakı əsas maneələrdən biri İsrailin regiondakı hərbi addımları hesab olunur.
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İsrail Beyruta hücum edərsə, İran yenidən müharibəyə başlayacaq.
Məlumata görə, Tramp bazar ertəsi İsrailin Baş naziri Benyamin Netanyahuya zəng edərək, Beyrutla bağlı planı dərhal ləğv etməsini tələb edib və bunun diplomatik irəliləyişi təhlükəyə atdığını bildirib.






.jpg)