Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədovun sözlərinə görə, Bakıda yeni magistral yolların inşa olunması təkcə yol şəbəkəsinin genişləndirilməsi deyil, həm də nəqliyyat infrastrukturunun inkişafı baxımından mühüm addımdır.

Ekspert bu barədə EDnews-a danışarkən bildirib ki, bu məsələyə bir neçə aspektdən yanaşmaq lazımdır.
Onun fikrincə, ən vacib məqamlardan biri mövcud yol-nəqliyyat infrastrukturunda hərəkətin düzgün təşkili və yeni magistralların bir-biri ilə əlaqələndirilməsidir.
“Yeni magistral yollar digər yollarla əlaqəli və funksional şəkildə inteqrasiya olunmalıdır. Bu, nəqliyyat axınının daha səmərəli idarə olunmasına, yol yükünün bölüşdürülməsinə və ümumi hərəkət təhlükəsizliyinin artırılmasına xidmət edir. Magistralların layihələndirilməsi və istifadəyə verilməsi zamanı bütün bu amillər nəzərə alınmalıdır”, – deyə ekspert qeyd edib.
A.Əsədovun sözlərinə görə, yeni magistral yollar şəhər nəqliyyat sisteminə və ictimai nəqliyyatın fəaliyyətinə də müsbət təsir göstərəcək:
“Yeni yol yeni hərəkət trayektoriyası deməkdir. Bu baxımdan yeni magistralların inşası nəqliyyat sisteminin inkişafına, yol şəbəkəsinin genişlənməsinə və şəhərdə hərəkətin daha səmərəli təşkilinə xidmət edir”.
Ekspert vurğulayıb ki, hazırda müxtəlif istiqamətlər üzrə yol layihələri həyata keçirilir. Müxtəlif səbəblərdən icrası dayandırılmış və ya uzanan layihələrin tamamlanması isə əlavə üstünlüklər yaradacaq.
“Bu layihələrin başa çatdırılması nəqliyyat infrastrukturunun inkişafını sürətləndirəcək, yol hərəkətinin təşkilinə müsbət təsir göstərəcək və gələcəkdə şəhər üçün əlavə faydalar formalaşdıracaq. Bütün bunlar nəqliyyat sisteminin daha effektiv fəaliyyət göstərməsinə xidmət edəcək”, – deyə o əlavə edib.
Aysu Əsədova | EDnews


.jpg)




