Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) Xəzər dənizinin cənub istiqamətində keçirilmiş əməliyyat zamanı ümumilikdə 24 kiloqram 270 qram narkotik vasitə aşkar edərək götürüb. Əməliyyat nəticəsində İran İslam Respublikasının üç vətəndaşı saxlanılıb.
“EDnews” xəbər verir ki, hadisə 2024-cü il mayın 29-da baş verib. DSX-nin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və sərhəd gəmilərinin birgə fəaliyyəti nəticəsində həyata keçirilən tədbir zamanı 24 kq 170 qram marixuana və 100 qram tiryək dəniz sularında aşkarlanaraq müsadirə edilib.
İran qayığı ərazi sularını tərk edərkən saxlanıldı
Əməliyyat-axtarış tədbirləri nəticəsində İrana məxsus "Yamaha-55" markalı "Layner" tipli qayıq Azərbaycan Respublikasının ərazi sularını tərk etməyə cəhd göstərərkən saxlanılıb.
Araşdırma zamanı qayıq heyətinin üzvləri — 1984-cü il təvəllüdlü Vahid Layği Sudif, 1985-ci il təvəllüdlü Xalid Yazdani Nurullah və 1986-cı il təvəllüdlü Monşinejat Tohid Nəriman — İran vətəndaşları olduqları müəyyən edilib.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Fatimə Şükürova // EDnews