“Azərsun Sənaye Parkı”nda güclü yanğının baş verməsi cəmiyyət arasında yeni iddialara səbəb olub.
Sosial şəbəkələrdə hadisə zamanı “Azərsun”a dəyən külli miqdar ziyandan sonra yağ məhsullarının qiymətlərində artımın baş verəcəyi barədə qızğın mübahisələr gedir.
Təxmini hesablamalara görə, təkcə yağ anbarında yanan məhsullarla bağlı dəyən ziyanın miqdarı on milyon manatlarla ölçülür. Anbardakı təkcə yerli bazar üçün deyil, həm də xaricə ixrac üçün nəzərdə tutulan mallar olub.
Yayılan iddialar ilə bağlı Ednews-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, yanğın zamanı ciddi itkilər və fəsadlar olsa da ölkənin yağ və yağ məhsullarına olan tələbatını “Azərsun”un istehsal potensialına, eləcə də “Azərsun Sənaye Parkı”nda sıradan çıxmış məhsullarla müqayisəli təhlil etsək görərik ki, bu yanğına görə ciddi bir ajiotaj yaratmağa gərək yoxdur.
.jpg)
“Azərsun Holdinq”in ümumi kərə yağı istehsalında payı təxminən 5-8 faiz təşkil edir. Azərbaycan həm bitki, həm də kərə yağı istehsalı baxımdan 80%-dən çox idxaldan asılılığı var. Özümüz istehsal etdiklərimizlə bağlı yenə də idxaldan asılı bir situasiya var. Kərə yağı Yeni Zellandiyadan gəlir, bu və ya digər çəkiyə salınaraq xüsusi ölçüyə uyğun olaraq yenidən qablaşdırılır”.
E. Əmirov, yanğın zamanı ziyan olan 5-6 aylıq yağ ehtiyatı məsələsinə də toxunub.
“Bəzi insanlarımız elə başa düşür ki, 5-6 aylıq yağ ehtiyatı ölkənin ehtiyatıdır, amma bu, məhz “Azərsun”a aiddir.
İqtisadçı ehtimal olunan qiymət artımından da danışıb. O bildirib ki, yaranmış psixoloji təzyiq şəraitində bazarlarda yağların qiymətini süni artımına cəhdlər ola bilər.
“Şübhəsiz müəyyən miqdarda qiymət artımının təbii şəkildə yüksəlmə ehtimalı var. Sadəcə olaraq kimlərinsə bu ehtimaldan istifadə edərək daha ciddi qiymət artımlarına cəhd etməsinin qarşısı mütləq şəkildə alınmalıdır”.
Ekspert indiki məqamda mühüm olan iki məsələyə diqqət çəkib.
“Birincisi, ölkədə ərzaq təhlükəsizliyində rol oynayan hər bir müəssisənin strateji səviyyəsi yüksəldilməli, ikincisi idxal kanallarının təhlükəsizliyinin təmin olunması məsələsi və idxalda süni problemlərin yaranma ehtimallarını qiymətləndirərək dolayı tədbirlər görülməlidir. Bir sözlə, ərzaq ehtiyatlarına təhdid yaranan istər yerli istehsal və qablaşdırmada, istərsə də idxal kanallarına dövlət nəzarəti gücləndirilməlidir.
Məsələn Səngəçal terminalı ölkənin ən strateji nöqtələrindəndir və ən yüksək səviyyədə mühafizə olunur. Bu gün ora da ərzaq mallarının toplandığı və saxlanc yerləri qədər strateji əhəmiyyət daşımalıdır. Hazırda ərzaq təhlükəsizliyi üçün görülən tədbirlər kompleks olduğundan bu məsələ də diqqət mərkəzində saxlanılmalıdır. Nəzərə alaq ki, ölkədə antiinflyasiya tədbirləri, o cümlədən də mövcud anti-böhran tədbirləri son dörd ayda daha ardıcıl şəkildə görülür. Bu obyektlər özəl təsərrüfat subyektlərinin yaxud dövlətin mülkiyyətində olmasından asılı olmayaraq eyni dərəcədə böyük ciddiyyətlə qorunmalıdır. Çünki heç kimi bu hadisənin sonuncu olması barədə qarantiya verə bilməz”.
Qeyd edək ki, ötən gün "Azərsun Sənaye Parkı”nd baş verən yanğın bu gün saat 08:24-də söndürülüb. Hazırda ərazidə konstruksiyaların söküntüsü və müvafiq tədbirlər görülür. Hadisə nəticəsində xəsarət alan olmayıb. Fövqəladə Hallar Nazirliyinin və Baş Prokurorluğun müstəntiqlərindən ibarət yaradılan istintaq qrupu tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Gülnar Səlimova