Xəbər verdiyimiz kimi, “Əl-Cəzirə” Media Şəbəkəsinin əsas qollarından biri olan “Əl-Cəzirə Sənədli filmlər” departamentinin icraçı direktoru Əhməd Məhfuz və Planlaşdırma və Tərtibləmə şöbəsinin rəhbəri Adel Ksiksi Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti ilə Azərbaycana səfərləri davam edir.
Ednews xəbər verir ki, səfər çərçivəsində ilk olaraq çəkiliş qrupu sənədli film çəkmək üçün Tərtər rayonuna səfər ediblər. BAMF prezidenti Umud Mirzəyev qonaqlara 2020-ci il müharibəsi zamanı ermənilər tərəfindən dağıdılmış mülki evləri göstərib. Daha sonra qonaqlar ANAMA ilə birlikdə fəaliyyət göstərən “İcma Mina Aksiyası”nın fəaliyyəti və minaaxtaranlan komandasının işləri ilə yaxından tanış olublar. Minadan təmizlənmiş ərazilərə ziyarət ediblər.
Nümayəndə heyəti Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ilə görüşüb. Görüş zamanı icra başçısı qonaqlara sənədli filmlər üçün lazım olan materiallarla onları təmin edəcəyini vurğulayıb.
Sonda Tərtərdə raket nəticəsində dağıdılmış evlərlə tanış olan qonaqlara geniş və statistik məlumatlar verilib.
Daha sonra qonaqlar Tərtər rayonunun Şıxarx qəsəbəsindəki 1978-ci ilə aid olan “Marağa – 150” abidəsini ziyarət ediblər. Onlara bu abidənin ermənilər tərəfindən qəsdən dağıdıldığı bildirilib. Çünki bu abidə ermənilərin əzəli Azərbaycan torpağı olan Qarabağa köçürülməsinin sübutu idi.
Səfər çərçivəsində qonaqlar Suqovuşan və Talış kəndlərini də ziyarət ediblər.
Aysel Şahmar