“Oğlumun gəlişi xəbəri məni çox sevindirdi, amma indi bizə demirlər ki, dəqiq saat neçədə gələcək. Hələ ki, bu haqda bizə rəsmi məlumat verilməyib. Ombudsman Aparatından və Qızıl Xaçdan zəng edib, sevincimizi bölüşüblər, göz aydınlığı veriblər”.
Ednews xəbər verir ki, bu sözləri Ermənistanda tutularaq ömürlük həbs cəzası alan əsgər Hüseyn Axundovun anası Şəlalə Axundova oğlunun erməni əsgərlərlə dəyişdiriləcəyi ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.
“Biz Hüseynin dəqiq nə zaman gələcəyini bilmirik. Dünyanın xoşbəxtiyəm. Bizə dedilər ki, uşaqlar Bakıya gələn kimi bizimlə telefonla danışdıracaqlar. Bəziləri deyir, bir müddət evə buraxmayacaqlar, həkimlər baxacaq, bəziləri deyir, evə buraxılacaq. Gözləyirik…”
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməniəsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.
Oğuz