Astara rayonunda dağlıq ərazidə yerləşən Miki kənd tam orta məktəbinin bağlanılmasına qərar verilib. Məktəbdə təhsil alan 53 şagird, rayonun Rinə kənd tam orta məktəbinə köçürülür.
Ednews apa.az-a istinadən xəbər verir ki, Miki kənd məktəbi əvvəllər tam orta məktəb kimi fəfaliyyət göstərib.
Son 3 ildə aparılan təhlillərin nəticələrinə əsasən, şagird sayında azalma qeydə alınıb və tam orta məktəb statusundan ümumi orta məktəb statusuna keçirilib.
Bu il məktəbin 8 nəfər 11-ci sinif şagirdi digər məktəbə köçürülüb. Bir neçə gün əvvəl məktəb rəhbərliyi, binanın qəzalı olduğu üçün tam bağlanacağını, şagirdlərin Rinə kənd tam orta məktəbinə köçürüləcəyini valideynlərin diqqətinə çatdırıb. Bu da valideynlərin narazılığına səbəb olub.
Qeyd edək ki, Astara rayon Miki kənd orta məktəb binası 1997-ci ildə tikilib və 2005-ci ildə Azərbaycan Respublikasının Fövqalada Hallar Nazirliyi tərəfindən bina əsaslı bərpa olunub. Məktəb binası 250 şagird yerlikdir. Hazırda məktəbdə 53 şagird təhsil alır.