Dekabrın 9-da Naxçıvan Şahmat Mərkəzində və Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan təsərrüfat müdiri, kitabxana müdiri, kitabxanaçı, uşaq birliyi təşkilatının rəhbəri, psixoloq, laborant və katibə-makinaçı vəzifələri üzrə ilk dəfə olaraq müsabiqə keçirilib.
Ednews-un xəbərinə görə, təhsil müəssisələrinin yüksək ixtisaslı kadrlarla təmin edilməsi və işə qəbul prosesinin şəffaf həyata keçirilməsi məqsədilə təşkil olunan müsabiqədə 126 vakant vəzifə üzrə 600-ə yaxın namizəd iştirak edib.
Dekabrın 9-da keçirilən müsabiqənin test mərhələsində hər bir namizədə vəzifə üzrə 10, məntiq, dünyagörüşü, qanunvericilik və kompüter bilikləri üzrə isə 10 olmaqla, ümumilikdə 20, təsərrüfat işləri üzrə direktor müavini və təsərrüfat müdiri vəzifələri üzrə isə hər bir namizədə vəzifə üzrə 15, məntiqi təfəkkürün yoxlanılması üzrə 5, dünyagörüşü üzrə isə 10 olmaqla, ümumilikdə 30 sual təqdim edilib. Namizədlərə test suallarının cavablandırılması üçün 60 dəqiqə vaxt verilib.
Psixoloq vəzifəsi üzrə isə hər bir namizədə psixologiya üzrə 30, məntiqi təfəkkürün yoxlanılması üzrə 5, informasiya və kommunikasiya texnologiyaları üzrə 5 olmaqla, ümumilikdə 40 sual təqdim edilib. Test suallarının cavablandırılması üçün 80 dəqiqə vaxt ayrılıb.
Müsabiqənin test mərhələsində uğur qazanan namizədlər komissiya tərəfindən müsahibə olunacaq.