Azərbaycanın tanınmış dövlət xadimi Hidayət Orucov 82 yaşında dünyasını dəyişib.
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) adından Hidayət Orucovun vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verilib.
Bu barədə BAMF-ın prezidenti Umud Mirzəyev EDnews-a açıqlamasında bildirib.
Başsağlığında qeyd olunub:
"Azərbaycanın ictimai-siyasi, mədəni və diplomatik həyatında silinməz izlər qoymuş görkəmli dövlət xadimi, Əməkdar incəsənət xadimi, şair-dramaturq Hidayət Orucovun vəfat xəbəri bizi kədərləndirdi.
Hələ müstəqillik illərində respublikanın dövlət idarəçiliyində mühüm postlar tutan Hidayət Orucov, Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə dövlət müşaviri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifələrində çalışıb. Daha sonra ölkəmizi xaricdə ləyaqətlə təmsil edərək Azərbaycanın Qırğızıstandakı fövqəladə səfiri (2012–2021) missiyasını həyata keçirib.
Onun povestləri və dram əsərləri Azərbaycan teatrının səhnəsində uğurla nümayiş etdirilib. Dövlət qarşısındakı xidmətlərinə görə o, Azərbaycanın “Şöhrət”, “Şərəf” ordenləri və digər ali dövlət mükafatları ilə təltif olunmuşdu.
Sənətkar, uzun illər Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru və bədii rəhbəri kimi fəaliyyət göstərərək, Qərbi Azərbaycandakı soydaşlarımızın mədəni simvoluna çevrilib. Ulu öndər Heydər Əliyevin diqqət və qayğısı ilə İrəvan teatrının 100 illik yubileyinin Moskvada və Bakıda yüksək səviyyədə qeyd olunmasının əsas təşkilatçısı olub.
Ədəbi mühitdə Hidayət adı ilə tanınan yazıçı, eyni zamanda, Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasına rəhbərlik edib, İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində XIX–XX əsr Azərbaycan ədəbiyyatından dərs deyib.
O, həmçinin poeziya, nəsr, publisistika və tərcümə sahələrində fəaliyyət göstərərək 60-dan artıq kitabın müəllifi olub.
Hidayət Orucov fədakar millət fədaisi, prinsipial dövlət adamı və bənzərsiz söz ustadı, incə ruhlu şair, dərin təfəkkürlü nasir və cəsarətli dramaturq idi. "Məni rüzgarlar çağırır", "Səni axtarıram", "Kəklikotu", "Məhəbbət qocalmır", "Zirvə", "Hər günün hökmü" kimi onlarla şeir, povest, esse və publisistik məqalələr kitabının müəllifidir. Onun yüksək bədii sənətkarlıqla qələmə aldığı əsərləri ingilis, rus, fransız, qırğız, tacik, gürcü, ərəb başda olmaqla dünyanın 30-dan çox xalqının dilinə tərcümə edilərək geniş oxucu kütləsi qazanıb. Hidayətin xarici dillərdə nəşr olunmuş «Mən belə yaşayıram» (rus dilində), «Axtarış», «Sənsiz» (gürcü dilində), «Sabaha çox var» (Dağıstan dillərində) və s. kitabları maraqla qarşılanıb.
Dramaturgiya sahəsində isə onun "Buraxılış gecəsi", "Məhəmməd Əmin Rəsulzadə", "Durnalar qayıdanda" kimi pyesləri Bakı Dövlət Akademik Milli Dram Teatrı ilə yanaşı, İrəvan, Daşkənd, Bişkek və digər xarici ölkələrin dövlət teatrlarında uğurla tamaşaya qoyulub, böyük maraqla qarşılanıb.
Onun vəfatı həmkarları, dostları, hər kəs üçün böyük itkidir. Dərin hüznlə bu ağır itkinin kədərini bölüşür, mərhumun doğmalarına, yaxınlarına və bu itkini yaşayan hər kəsə səmimi başsağlığı veririk.
Hidayət Orucov qoyub getdiyi nəhəng dövlətçilik təcrübəsi, diplomatik uğurları ilə Azərbaycan xalqının qəlbində və yaddaşında əbədi olaraq yaşayacaq".
Dərin hüznlə,
Umud Mirzəyev
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti






