Azərbaycanda pilotsuz uçuş aparatlarının istifadəsində yeni mərhələ başlayır. Milli Məclisdə müzakirə olunan "Aviasiya haqqında" qanuna dəyişikliklər avtonom pilotsuz uçuş aparatlarının (PUA) fəaliyyətini ilk dəfə geniş şəkildə tənzimləməyi nəzərdə tutur. Layihə qəbul edilərsə, mülki təyinatlı avtonom dronların uçuşları daha ciddi nəzarət altında olacaq, onların fəaliyyəti üçün yeni icazə və təhlükəsizlik mexanizmləri tətbiq ediləcək.
EDnews mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Uçuşlar real vaxt rejimində izlənəcək
Qanun layihəsinə əsasən, avtonom pilotsuz uçuş aparatı insan tərəfindən birbaşa idarə olunmadan, əvvəlcədən proqramlaşdırılmış marşrut üzrə hərəkət edən hava nəqliyyatı vasitəsi hesab ediləcək. Bununla belə, sistem tamamilə nəzarətsiz olmayacaq. Hər bir avtonom dronun fəaliyyətinə xüsusi şəhadətnaməyə malik operator nəzarət etməlidir. Operatorun vəzifəsi sistemin işini izləmək, təhlükə yarandıqda müdaxilə etmək və zərurət olduqda uçuşu dayandırmaq olacaq.
Yeni qaydalara görə, avtonom dronlar istədikləri ərazidə fəaliyyət göstərə bilməyəcəklər. Uçuşlar yalnız dövlət qurumlarının müəyyən etdiyi xüsusi coğrafi zonalarda həyata keçiriləcək. Bu zonalar interaktiv xəritədə göstəriləcək və operatorlar həmin məlumatları davamlı izləməli olacaqlar.
Layihənin ən diqqətçəkən məqamlarından biri də uçuş məlumatlarının real vaxt rejimində dövlətin informasiya sisteminə ötürülməsi tələbidir. Operatorlar dronun hərəkəti və fəaliyyəti ilə bağlı məlumatları aidiyyəti qurumlara təqdim etməli, eyni zamanda bu məlumatları ən azı altı ay müddətində saxlamalı olacaqlar.
İcazə, qeydiyyat və nəzarət
Qanun layihəsində kibertəhlükəsizlik məsələlərinə də xüsusi yer ayrılıb. Sənədə görə, dronların proqram təminatı kənar müdaxilələrə qarşı dayanıqlı olmalı, sistemlərdə nasazlıq yarandıqda belə təhlükəsiz idarəetmə imkanları qorunmalıdır. Bundan başqa, məsafədən idarəetmə mərkəzlərinin proqram təminatının mütəmadi yenilənməsi, təhlükəsizlik auditlərinin keçirilməsi və mümkün kiberhücumlara qarşı müdafiə tədbirlərinin görülməsi tələb olunur.
Yeni qaydalar uçuş icazələri ilə bağlı prosedurları da müəyyənləşdirir. Nəzarət olunan hava məkanında və aerodromların yaxınlığında uçuş həyata keçirmək istəyən operatorlar əvvəlcədən xüsusi icazə almalıdırlar. Bunun üçün uçuşdan azı üç saat əvvəl müvafiq sənədlər və məlumatlar təqdim edilməlidir.
Layihədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan dron operatorlarına nəzarət mexanizmləri də nəzərdə tutulub. Müvafiq sertifikat almış şirkətlərin qanunvericiliyin tələblərinə əməl edib-etmədiyi yoxlanılacaq. Beləliklə, kommersiya məqsədilə istifadə olunan avtonom dronların fəaliyyəti də daha şəffaf və nəzarətli olacaq.
Avtonom gəmilər fəaliyyətə başlayacaq
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qanuna təklif edilən dəyişiklikləri "Kaspi"yə şərh edərək bildirib ki, yeni tənzimləmələr yalnız pilotsuz uçuş aparatlarını deyil, eyni zamanda avtonom gəmilərin istifadəsini də əhatə edəcək geniş hüquqi çərçivənin formalaşmasına xidmət edir. Onun sözlərinə görə, Azərbaycanda kənardan idarə olunan, yəni avtonom gəmilərin istifadəyə verilməsi gözlənilir ki, bu da ümumilikdə avtonom nəqliyyat vasitələrinin sayının artmasına imkan yaradacaq.






