Xalq artisti Flora Kərimovanın səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanaya yerləşdirildiyi bildirilib.
EDnews məsələ ilə bağlı sənətkarın köməkçisi Yaqut İmanova ilə əlaqə saxlayaraq onun son vəziyyəti öyrənib.
O, EDnews-a açıqlamasında bildirib ki, Xalq artisti hazırda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi və tapşırığı ilə “Bonadea” Hospitalına yerləşdirilib və müalicəsi davam etdirilir:
“Hazırda Flora xanım xəstəxanadadır. Bütün müalicə prosesi nəzarət altındadır, lazımi tibbi dəstək göstərilir. Buna görə Mehriban xanıma dərin təşəkkürümüzü bildiririk. Allah canını sağ eləsin.
Flora xanımın ürəyində müəyyən problemlər yaranıb. Bundan əvvəl də səhhəti ilə bağlı çətinliklər olub, bir neçə dəfə yıxılıb. Həkimlərin nəzarəti altındadır. Hazırda vəziyyəti kritik deyil, komada deyil, hərəkət edir, danışır.
Həkimlər bir müddət xüsusi nəzarət və pəhriz rejimi tətbiq ediblər. Hazırda yemək və qida qəbulu ilə bağlı məhdudiyyətlər var. Müalicəsi bir neçə gün davam edəcək və bir həftədən sonra evə buraxılması nəzərdə tutulur", - deyə o əlavə edib.







