Böyük Britaniya “Sabre Corp” şirkətinin ölkədəki törəmə qurumunu Rusiyaya qarşı sanksiyaları pozduğuna görə 1 milyon funt sterlinqdən çox məbləğdə cərimələyib.
EDnews xəbər verir ki, bu barədə “Bloomberg” və “Reuters” məlumat yayıb.
Məlumata görə, bu, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsindən sonra Böyük Britaniyada tətbiq edilən ən böyük sanksiya cəriməsidir.
Aviabiletlərin satışı və bronlaşdırılması sahəsində xidmət göstərən “Sabre” şirkətinin Britaniya bölməsi 2022-ci ildə sanksiya siyahısına salınmış Rusiyanın “Ural Hava Yolları” şirkətinə 7 ay ərzində öz Qlobal Distribusiya Sisteminə çıxış imkanı verib.
Bu barədə Böyük Britaniyanın Maliyyə Sanksiyalarının Tətbiqi İdarəsinin — OFSI-nin açıqlamasında bildirilib.
OFSI-nin məlumatına görə, sanksiyalar səbəbindən “Sabre”nin Britaniya bankına daxil olan ödənişləri bloklandıqdan sonra şirkət Rusiya aviaşirkətindən vəsait almaq üçün alternativ yollar axtarmağa başlayıb.
Regulyator bildirib ki, “Sabre” “Ural Hava Yolları”ndan Britaniya bankından kənarda yerləşən hesaba test ödənişi göndərməsini istəyib. Məqsəd gələcək ödənişləri həmin yolla qəbul etmək olub.
OFSI bu addımı sanksiyalardan yayınma cəhdi kimi qiymətləndirib.
“Bu hərəkətlər Böyük Britaniyanın Ukraynaya dəstək məqsədilə Rusiyaya qarşı sanksiya rejimini daha qətiyyətlə tətbiq etdiyini göstərir və sektor üçün uyğunluq tələbləri baxımından mühüm dərsdir”, — deyə qurumun açıqlamasında qeyd olunub.
Qeyd edək ki, Böyük Britaniya 2022-ci ilin mayında “Ural Hava Yolları”nı sanksiya siyahısına daxil edib. London həmin şirkətin Rusiyanın nəqliyyat sektorunda strateji əhəmiyyətli fəaliyyət göstərdiyini və Rusiya hökumətinə fayda verdiyini bildirib.
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar çərçivəsində ümumilikdə 3000-dən çox şəxs, şirkət və gəmini məhdudiyyət siyahısına daxil edib.
Xatırladaq ki, ötən həftə G7 sammiti zamanı London Rusiyaya qarşı yeni sanksiya paketini açıqlayıb. Paket əsasən Rusiyanın “kölgə donanması”na və məhdudiyyətlərdən yayınmağa kömək edən maliyyə şəbəkələrinə qarşı yönəlib.







