Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, akademik Qurban Yetirmişli bildirib ki, ölkə ərazisində fəaliyyət göstərən seysmik müşahidə stansiyalarının sayı 88-ə çatdırılıb.
Bu barədə o, “Təbii fəlakətlər, ekoloji problemlər, yaşıl dünya” mövzusunda keçirilən elmi konfransda çıxışı zamanı məlumat verib.
Yetirmişli vurğulayıb ki, bu stansiyalar gecə-gündüz fasiləsiz fəaliyyət göstərir və mühafizə xidməti ilə birlikdə onlayn rejimdə işləyir:
“Hazırda Azərbaycanda zəlzələlərin operativ şəkildə qeydə alınması və onların elmi təhlili üçün ən müasir avadanlıqlarla təchiz edilmiş geniş müşahidə şəbəkəsi mövcuddur. Bu da bizə ölkədə və regionda seysmik təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə ciddi töhfə verir.”
Qeyd edək ki, Respublika Seysmoloji Xidmət Mərkəzi Qafqaz regionunda ən geniş seysmik müşahidə şəbəkələrindən birinə malikdir və beynəlxalq seysmoloji platformalarla aktiv əməkdaşlıq edir.
Fatimə Şükürova // EDnews