Azərbaycanda media və yayım sahəsində yeni səlahiyyətli dövlət orqanının yaradılması nəzərdə tutulur.
EDnews xəbər verir ki, bu məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” və “Media haqqında” qanunlara dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, müasir dövrdə milli informasiya təhlükəsizliyinin təmin edilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin gücləndirilməsi və media sahəsində daha çevik idarəetmə mexanizminə keçid zərurəti yaranıb.
Sənəddə qeyd olunur ki, çap, onlayn və audiovizual media arasındakı sərhədlərin tədricən aradan qalxması media sahəsinə vahid yanaşmanı vacib edir. Bu məqsədlə Media və Yayım Şurası adlı qurumun yaradılması təklif edilir.
Layihəyə görə, Azərbaycan Respublikasında media və yayım sahəsində səlahiyyətli dövlət orqanı kimi məhz bu Şura müəyyən olunacaq. Şuranın fəaliyyətinin kollegial idarəetmə modeli əsasında qurulması nəzərdə tutulur.
Qeyd edilir ki, Şura ilə bağlı vəzifə və öhdəliklərin “Media haqqında” Qanunda əksini tapması medianın müstəqilliyinin qorunmasına, eləcə də quruma ictimai etimadın artırılmasına xidmət edən mexanizm kimi qiymətləndirilir.
Təklif olunan dəyişikliklərin daxili informasiya məkanının təhlükəsizliyinin təmin olunmasına, yerli medianın inkişafına və media sahəsində hüquqi müəyyənliyin gücləndirilməsinə şərait yaradacağı bildirilir.
Bununla yanaşı, media və yayım sahəsində səlahiyyətli Şuranın yaradılması ilə əlaqədar “Dövlət qulluğu haqqında” Qanunun müvafiq maddələrinə də dəyişikliklər edilməsi nəzərdə tutulur.
Qanun layihəsinin media sahəsində normativ tənzimləmənin müasirləşdirilməsi, tətbiq mexanizmlərinin gücləndirilməsi və beynəlxalq standartlara uyğunluğun artırılması məqsədi daşıdığı vurğulanır.
Xatırladaq ki, hazırda Azərbaycanda audiovizual media sahəsini Audiovizual Şura, audiovizual, çap və onlayn media subyektləri, informasiya agentlikləri, jurnalistlər və media işçilərinin fəaliyyətinin stimullaşdırılması istiqamətində isə publik hüquqi şəxs olan Medianın İnkişafı Agentliyi fəaliyyət göstərir.
Layihəyə əsasən, “Media haqqında” Qanunda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun — yəni MEDİA-nın bəzi səlahiyyətlərinin yeni yaradılacaq Media və Yayım Şurasına həvalə edilməsi təklif olunur.








