Azərbaycan infrastruktur sahəsinə böyük sərmayələr yatırır və beynəlxalq əhəmiyyətli layihələrdə fəal iştirak edir.
EDnews xəbər verir ki, bunu Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, ölkə daxilində infrastrukturun inkişafına xüsusi diqqət yetirilir. Bununla yanaşı, Azərbaycan hüdudlarından kənarda da beynəlxalq ölçüyə malik infrastruktur layihələri ilə məşğul olur.
“Biz infrastruktura çox böyük sərmayələr yatırırıq. Nəinki ölkə daxilində infrastruktura diqqət yetiririk, eyni zamanda, ölkənin hüdudlarından kənarda, beynəlxalq ölçüyə malik infrastruktur layihələri ilə məşğul oluruq”, — deyə Prezident İlham Əliyev vurğulayıb.
Dövlət başçısının sözlərinə görə, əsas hədəflərdən biri Azərbaycanın beynəlxalq daşımalar sahəsində rolunu gücləndirməkdir.
Prezident qeyd edib ki, Azərbaycan açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevrilmək istiqamətində ardıcıl iş aparır.







