Qarabağ Universitetinin tələbələri “Vergilər” mövzusunda keçirilən ümumrespublika olimpiadasında uğur qazanıblar.
EDnews xəbər verir ki, olimpiada Elm və Təhsil Nazirliyi ilə Dövlət Vergi Xidməti arasında əməkdaşlıq çərçivəsində təşkil olunub.
Final mərhələsi Dövlət Vergi Xidmətinin Şamaxı şəhərində yerləşən Tədris Mərkəzində keçirilib. Mərhələdə 59 tələbə iştirak edib və nəticələrə əsasən qaliblər müəyyənləşdirilib.
Qarabağ Universitetinin tələbələri olimpiadada yüksək nəticə göstəriblər. Universitetin tələbəsi Əli Yusibov birinci, Əbdülkərim Babayev isə ikinci yerə layiq görülüb.
Qalib tələbələr diplom və hədiyyələrlə təltif olunublar. Eyni zamanda, universitet nümayəndələrinə diplomlar, olimpiadanın digər iştirakçılarına isə sertifikat və hədiyyələr təqdim edilib.
Olimpiadanın əsas məqsədi tələbələr arasında vergi mədəniyyətinin və maliyyə savadlılığının təşviqi, vergi sahəsinə marağın artırılması, həmçinin bu istiqamətdə bilik və bacarıqların inkişaf etdirilməsidir.
Təşəbbüs, eyni zamanda, gənclərin vergi sistemi və qanunvericiliyi barədə məlumatlılığının artırılmasına, analitik düşünmə və peşəkar bacarıqlarının gücləndirilməsinə, gələcəkdə isə bu sahə üzrə ixtisaslaşmış insan kapitalının formalaşmasına töhfə verməyi hədəfləyir.
Qeyd edək ki, ümumrespublika olimpiadasında ölkənin 29 ali təhsil müəssisəsini təmsil edən ümumilikdə 352 tələbə iştirak edib. İştirakçılar vergi sistemi və vergi qanunvericiliyi üzrə hazırlanmış test suallarını cavablandırıblar.
.jpeg)

.jpeg)








