Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantıları çərçivəsində “Sərhədsiz gənclər: Ortaq regional rifahın təşviqi” adlı panel müzakirəsi baş tutub.
EDnews xəbər verir ki, panel müzakirəsində gənclərin cəmiyyətə inteqrasiyası, onların təhsil, məşğulluq və sosial fəallıq imkanlarının artırılması, eləcə də bu istiqamətdə yeni dəstək mexanizmlərinin yaradılması məsələləri müzakirə olunub.
Paneldə ADA Universitetinin idarəetmə üzrə köməkçi professoru Ramil Məhərrəmov, SABAH.HUB-un həmtəsisçisi və baş direktoru Rəhim Bayramlı, Avropa Gənclər Parlamenti Azərbaycan İctimai Birliyinin Müşahidə Şurasının üzvü Güldanə Dadaşova, beynəlxalq gənclər və gender üzrə ekspert, COP29 Təşkilat Komitəsinin üzvü Məryəm Məcidova çıxış ediblər.
Müzakirənin moderatoru Qadınlar və gənclərin səlahiyyətləndirilməsi bölməsinin meneceri Ahmed Faruk Diken olub.
Panel zamanı gənclərin təhsil, məşğulluq və sosial fəallıqdan kənarda qalması probleminin əsas çağırışlardan biri olduğu vurğulanıb. Çıxış edən iştirakçılar bildiriblər ki, gənclər üçün effektiv dəstək mexanizmlərinin yaradılması mühüm əhəmiyyət daşıyır.
Qeyd olunub ki, ayrı-ayrı qeyri-hökumət təşkilatlarının bu istiqamətdə fəaliyyəti vacib olsa da, problemin daha səmərəli həlli üçün geniş və sistemli yanaşmaya ehtiyac var.
Paneldə mövcud modellərin yenidən dəyərləndirilməsinin, onların gənclərin həyatına təsirinin və real nəticələrinin təhlil edilməsinin vacibliyi diqqətə çatdırılıb. Bildirilib ki, gənclərin qarşılaşdığı çətinlikləri düzgün anlamaq, ehtiyaclarını müəyyənləşdirmək və gələcəyə yönəlik praktik həll yolları təklif etmək əsas prioritetlərdəndir.
Müzakirə zamanı təhsildən, məşğulluqdan və peşə hazırlığı proqramlarından kənarda qalan gənclərlə bağlı vəziyyətə də toxunulub.
Qeyd edilib ki, belə gənclərin sayı Avropada və dünyanın digər bölgələrində yüksək olaraq qalır və bəzi göstəricilərə görə, bu rəqəm təxminən 20 faiz təşkil edir.
Panel iştirakçıları gender amilinin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar. Bildirilib ki, fəaliyyətə cəlb olunmayan gənclər arasında qızların payı bir çox hallarda daha yüksək olur.
Çıxışlarda həmçinin qeyd olunub ki, mövcud vəziyyətə görə gəncləri günahlandırmaq doğru yanaşma deyil. Onların bir çoxu seçim imkanlarının məhdud olduğu, sosial və iqtisadi çətinliklərin mövcud olduğu şəraitdə böyüyür.
Sonda bildirilib ki, əsas məqsəd gənclərin potensialını üzə çıxarmaq, onların cəmiyyətə inteqrasiyasını dəstəkləmək və gələcək üçün real imkanlar yaratmaqdır.
.jpeg)







.jpg)
