Çin Maliyyə Nazirliyi 46 ABŞ şirkətinin dövlət satınalmalarında iştirakını məhdudlaşdıran yeni tədbirlərin tətbiq edildiyini açıqlayıb.
EDnews xəbər verir ki, qərara əsasən, Çin dövlət satınalma orqanları bir sıra ABŞ müdafiə sənayesi şirkətlərindən məhsul almayacaq. Siyahıya Lockheed Martin, Raytheon Missiles & Defense, General Atomics Aeronautical Systems, Boeing Defence, Space & Security və digər iri şirkətlər daxildir.
Bundan əlavə, Çin Ticarət Nazirliyi 10 ABŞ şirkətinə qarşı da ixrac qadağası tətbiq edib. Qadağa nadir torpaq elementləri, dron və robot texnologiyaları, eləcə də müdafiə sənayesində istifadə olunan müxtəlif məhsulları əhatə edir.
Rəsmi Pekin bu addımların milli təhlükəsizliyin qorunması və beynəlxalq öhdəliklərin yerinə yetirilməsi məqsədilə atıldığını bildirib. Qərarın ABŞ-nin bəzi Çin şirkətlərini “hərbi şirkətlər” siyahısına daxil etməsinə cavab olduğu qeyd olunub.
Məsələ iki ölkə arasında iqtisadi və siyasi gərginliyin daha da artmasına səbəb olub.







