Ermənistanda keçirilən parlament seçkilərindən sonra Rusiya-Ermənistan münasibətlərinin gələcək inkişafı ilə bağlı müxtəlif ssenarilər müzakirə olunur. Müzakirə olunan əsas məsələlərdən biri də Moskvanın seçkilərin nəticələrinə mümkün reaksiyası və bunun regiondakı siyasi proseslərə təsiridir.
Rusiyalı jurnalist və siyasi analitik Maksim Şevçenko EDnews-a müsahibəsində Rusiyanın Ermənistanda seçkilərin nəticələrini tanımayacağı təqdirdə yarana biləcək nəticələrdən və iki ölkə arasındakı münasibətlərin perspektivlərindən danışıb.
“Əgər Rusiya qəfil Ermənistanda seçkilərin nəticələrini tanımasa, bu, faktiki olaraq Ermənistan hakimiyyətinin tanınmaması demək olacaq. Çünki ölkə hökuməti parlament seçkilərinin nəticələrinə əsasən formalaşır. Belə bir vəziyyətdə Moskva ilə İrəvan arasında ciddi siyasi böhran yarana bilər və Nikol Paşinyanın rəhbərlik etdiyi hazırkı Ermənistan hakimiyyətinin legitimliyi Rusiya tərəfindən sual altına alına bilər.
Lakin mən belə bir ssenarini az ehtimallı hesab edirəm. Moskvada müəyyən erməni lobbi dairələrinin, o cümlədən maraqlarını Samvel Karapetyanın təmsil etdiyi qrupların narazılığına və təzyiqlərinə baxmayaraq, Rusiyanın strateji maraqları Ermənistanla münasibətləri gərginləşdirməkdən ibarət deyil.
Mənim fikrimcə, Moskva Ermənistanla münasibətləri erməni xalqının müstəqil dövləti ilə əməkdaşlıq müstəvisində inkişaf etdirməkdə maraqlıdır. Ermənistanın ayrı-ayrı nüfuzlu biznes qruplarının və ya diaspor nümayəndələrinin maraqları prizmasından qiymətləndirilməsi Rusiyanın uzunmüddətli maraqlarına uyğun deyil.
Əgər tərəflər arasında praqmatik yanaşma və dialoqa qarşılıqlı maraq üstünlük təşkil etsə, Rusiya-Ermənistan münasibətləri ciddi sarsıntılardan yayınaraq qarşılıqlı maraqlar əsasında inkişafını davam etdirə bilər”, - deyə Maksim Şevçenko diqqətə çatdırıb.
Fatima | EDnews







