Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş dron hücumu nəticəsində Azərbaycan vətəndaşları arasında ölən və yaralananlar var.
EDnews xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə ilə bağlı xəbər daxil olduqdan dərhal sonra Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin əməkdaşları əraziyə yola düşüblər. Hazırda səfirliyin Konsulluq bölməsinin əməkdaşları Yeysk şəhərindədir.
Bildirilib ki, konsulluq əməkdaşları yaralanan və xilas edilən Azərbaycan vətəndaşlarının yanında olaraq onlara müvafiq dəstək göstərirlər. Yaralıların vəziyyətinin yaxşı olduğu, onlardan bir neçəsinin yaxın müddətdə xəstəxanadan buraxılmasının nəzərdə tutulduğu qeyd olunub.
Rusiya Federasiyasının aidiyyəti qurumları tərəfindən hadisə yerində axtarış-xilasetmə tədbirləri davam etdirilir. Bu çərçivədə həlak olan şəxslərin kimliklərinin müəyyənləşdirilməsi və digər zəruri prosedurlar həyata keçirilir.
Eyni zamanda, xilas edilən Azərbaycan vətəndaşlarının sənədləşdirilməsi, onların qayıdış şəhadətnamələri ilə təmin olunması və Azərbaycana qayıdışlarının təşkili istiqamətində tədbirlər görülür.
Xarici İşlər Nazirliyi məsələni xüsusi nəzarətdə saxladığını və aidiyyəti qurumlarla sıx əlaqələndirmə apardığını bildirib.







