"Azərbaycanın bağlantılarla bağlı infrastrukturun genişləndirilməsi istiqamətində həyata keçirdiyi layihələr ölkənin regional və qlobal nəqliyyat sistemindəki rolunu daha da artıracaq".
Bu fikirləri millət vəkili Vüqar Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunun açılışındakı çıxışını şərh edərkən deyib.

"Azərbaycanın əldə etdiyi tarixi Zəfərdən sonra regionda formalaşan yeni geosiyasi düzən regional kommunikasiyaların genişləndirilməsi üçün əlverişli imkanlar yaradıb. Yeni regional düzənin ən mühüm elementlərindən biri Zəngəzur dəhlizinin istifadəyə verilməsidir. Dəhlizin bir hissəsi olacaq "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun-TRIPP-in inşası Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru nəqliyyatının bərpasına imkan verəcək”.
Vüqar Bayramov vurğulayıb ki, Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra Çindən göndərilən yüklərin Londona çatdırılma müddətinin 18 günədək azalacağı gözlənilir. Təxminən 15 milyon ton yükötürmə potensialına malik olacaq dəhliz regionun iqtisadi inkişafına mühüm töhfə verə bilər:
“Zəngəzur dəhlizi yaxın gələcəkdə Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək. Bu layihə Azərbaycanın geosiyasi mövqeyini möhkəmləndirməklə yanaşı, region ölkələrinin tranzit və logistika gəlirlərinin artmasına da şərait yaradacaq. Proqnozlara əsasən, qitələrarası ticarət dövriyyəsinin 200 milyard dollar artması, daşınan yüklərin 10-15 faizinin isə Zəngəzur dəhlizi vasitəsilə nəql edilməsi mümkündür”, - deputat söyləyib.
Onun sözlərinə görə, 10 illik proqnozlara əsasən, Zəngəzur dəhlizinin 50 milyard dollarlıq gəlir formalaşdırmaq, eləcə də hər il 60 mindən çox yeni iş yerinin yaradılmasına töhfə vermək potensialı var.
Vüqar Bayramov bildirib ki, dəhlizin həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat marşrutlarına inteqrasiyası daşınan yüklərin həcmini əhəmiyyətli dərəcədə artıra bilər:
“Bu, eyni zamanda Orta Dəhlizin ötürücülük imkanlarının genişlənməsinə səbəb olacaq. Nəticədə Azərbaycan beynəlxalq yükdaşımalarından daha çox gəlir əldə edəcək, yerli məhsulların alternativ marşrutlarla yeni bazarlara çıxarılması imkanları genişlənəcək”.
Deputat Zəngəzur dəhlizinin türk dünyası üçün strateji əhəmiyyət daşıdığını da diqqətə çatdırıb:
“Zəngəzur dəhlizi türk dünyasını birləşdirəcək mühüm quru nəqliyyat xəttidir. Dəhlizin istifadəyə verilməsi Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa kommunikasiyanın bərpasına, Naxçıvanın nəqliyyat blokadasından çıxmasına və bütövlükdə türk dünyasının iqtisadi inteqrasiyasının güclənməsinə mühüm töhfə verəcək".
Aytac Kərimova | EDnews








