“Ted Lasso” serialında Dani Roxas obrazını canlandıran meksikalı aktyor Kristo Fernandes peşəkar futbolçu kimi ilk rəsmi oyununa çıxıb.
EDnews xəbər verir ki, 35 yaşlı aktyor ABŞ-nin ikinci liqasında çıxış edən “El Paso Locomotive” klubunun heyətində “New Mexico United”ə qarşı ABŞ Liqası Kuboku qrup mərhələsinin oyununda 79-cu dəqiqədə meydana daxil olub.
Qarşılaşma “El Paso Locomotive”nin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Fernandes may ayında iki aylıq baxışdan sonra “El Paso Locomotive” ilə müqavilə imzalayıb. O, yeniyetmə yaşlarında dizindən aldığı zədə səbəbindən futboldan uzaqlaşsa da, uzun illər sonra peşəkar futbola qayıdıb.
Qeyd edək ki, “Ted Lasso” serialının dördüncü mövsümünün avqustun 5-də yayımlanması planlaşdırılır.







