İsraildə növbədənkənar parlament seçkilərinin oktyabrın 27-nə təyin olunması ölkənin siyasi gündəmini yenidən canlandırıb.
Seçkilərdə Baş nazir Benyamin Netanyahunun yenidən hakimiyyətdə qalmaq şansları isə beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.
Mövzu ilə bağlı EDnews-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, seçkilərin nəticəsinə həm daxili siyasi vəziyyət, həm də təhlükəsizlik amilləri ciddi təsir göstərəcək.

Politoloqun sözlərinə görə, Netanyahu hələ də İsrail siyasətinin ən güclü fiqurlarından biri hesab olunur və geniş seçici bazasına malikdir. Bununla belə, onun yenidən hökumət qurmaq imkanları yalnız əldə edəcəyi mandat sayından deyil, eyni zamanda koalisiya tərəfdaşları ilə aparacağı danışıqların nəticəsindən asılı olacaq.
Politoloq qeyd edib ki, son aylarda regional təhlükəsizlik məsələləri və hökumətin xarici siyasəti seçici davranışına təsir edən əsas amillər sırasındadır.
Onun fikrincə, seçki kampaniyası dövründə bu mövzular daha da ön plana çıxacaq və nəticələrə birbaşa təsir göstərə bilər.
Məhəmməd Əsədullazadə hesab edir ki, oktyabrın 27-də keçiriləcək seçkilər təkcə İsrailin daxili siyasəti deyil, həm Netanyahu üçün sınaq, həm də Yaxın Şərq mühüm əhəmiyyət daşıyacaq.
Qeyd edək ki, İsraildə parlament seçkiləri oktyabrın 27-nə təyin edilib, Knessetin buraxılması isə iyulun 17-nə planlaşdırılıb. İsrailin “12-ci kanal”ının məlumatına görə, bu, 38 il ərzində qanunla müəyyən edilmiş müddətdə keçiriləcək ilk seçkilər olacaq. Hazırkı Nazirlər Kabineti isə 53 il ərzində öz səlahiyyət müddətini tam başa vuran ilk hökumət olub. Daha əvvəl baş nazir Benyamin Netanyahu payız seçkilərində iştirak etmək niyyətində olduğunu bildirmişdi. Siyasətçi qələbə qazanacağına ümid edir.







