Macarıstan parlamentinin fövqəladə iclası müxalifət deputatlarının iştirakı olmadan başlayıb.
EDnews "TASS"a istinadən xəbər verir ki, müxalifət nümayəndələri hökumətin Əsas Qanuna 17-ci düzəliş layihəsinə etiraz olaraq iclasa qatılmayıblar.
Sözügedən düzəlişin prezident Tamaş Şujokun vəzifədən uzaqlaşdırılmasını nəzərdə tutduğu bildirilir. İclas parlamentin rəsmi saytında canlı yayımlanıb.
Baş nazir Peter Magyar iclasın əvvəlində bildirib ki, “Fidesz” parlament qrupunun lideri Gergely Huyas partiya üzvlərinə etiraz əlaməti olaraq deputat mandatlarından kollektiv şəkildə imtina etməyi təklif edib. Lakin bu təklifin qəbul olunmadığı qeyd edilib.
“Fidesz” partiyası isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Daha əvvəl Magyar parlamentin bazar ertəsi günü 17-ci düzəliş layihəsinə səs verəcəyini və prezidentin qanunu imzalamalı olduğunu bildirmişdi. O, dövlət başçısının qanunla müəyyən edilmiş beş gün ərzində sənədi imzalamayacağı təqdirdə impiçment prosedurunun başlana biləcəyini istisna etməmişdi.
17-ci düzəliş layihəsinin parlamentdə qəbul olunacağı gözlənilir. Çünki Magyarın rəhbərlik etdiyi “Tisza” partiyası qanunverici orqanda səslərin üçdə ikisindən çoxuna malikdir.
Magyar 12 aprel parlament seçkilərindən sonra prezident Şujokun vəzifə öhdəliklərini yerinə yetirmədiyini və Viktor Orbanın əvvəlki hökuməti dövründə baş verən qanun pozuntularına göz yumduğunu iddia edərək onun istefasını tələb edib. Baş nazir, həmçinin ölkədə gələn il ərzində yeni konstitusiyanın hazırlanacağını və bu müddətdə yeni prezidentin seçilməli olduğunu bildirib.
Prezident Tamaş Şujok isə baş nazirin tələbi ilə istefa vermək niyyətində olmadığını açıqlayıb. O, 17-ci düzəlişi konstitusiyaya zidd, fərdiləşdirilmiş və yeni hakimiyyətin siyasi maraqlarına xidmət edən addım kimi qiymətləndirib.
Qanunvericiliyə əsasən, dövlət başçısı hər hansı qanun layihəsi ilə razılaşmadığı halda onu hüquqi rəy üçün Konstitusiya Məhkəməsinə göndərə bilər.
Şujok, həmçinin Avropa Şurasının məsləhət orqanı olan Venesiya Komissiyasından yaranmış münaqişəyə konstitusiya hüququ və Avropa demokratik normaları baxımından qiymət verməsini istəyib.
Viktor Orbanın rəhbərlik etdiyi “Fidesz” partiyası isə prezidenti müdafiə edib. Partiya iyulun 9-da Magyarın siyasətinə qarşı geniş etiraz aksiyası keçirib.








