Səudiyyə Ərəbistanında narkotik ittihamı ilə edam cəzasına məhkum edilmiş efiopiyalı miqrantlar ədalətli məhkəmə araşdırması aparılmadığını iddia edirlər.
EDnews xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Hüquq müdafiə təşkilatlarının məlumatına əsasən, ölkənin cənub-qərbində yerləşən Həmis-Muşayt həbsxanasında azı 60 efiopiyalı edam hökmünün icrasını gözləyir.
Miqrantlardan biri təhlükəsizlik səbəbindən adının açıqlanmaması şərti ilə CNN-ə bildirib ki, saxlanıldığı müddətdə vəkillə təmin olunmayıb, yalnız son məhkəmə iclasında tərcüməçi iştirak edib və ona apellyasiya hüququ verilməyib.
Hüquq müdafiəçiləri bildirirlər ki, bir çox efiopiyalı miqrant daha yaxşı həyat ümidi ilə Səudiyyə Ərəbistanına gedərkən insan alverçiləri tərəfindən narkotik vasitələr daşımağa məcbur edilir. Onların sözlərinə görə, saxlanılanların bəzisi işgəncəyə məruz qaldığını və etiraf ifadələrinin zorla alındığını iddia edir.
Məlumata görə, ötən il Səudiyyə Ərəbistanında 356 nəfər edam edilib. Onlardan 240-ı narkotik cinayətləri ilə bağlı məhkum olunub və əksəriyyəti xarici ölkə vətəndaşları olub.
Səudiyyə Ərəbistanı rəsmiləri isə bildirirlər ki, narkotik qaçaqmalçılığı ilə bağlı bütün hökmlər qanunvericiliyə uyğun şəkildə, məhkəmə və apellyasiya instansiyalarından keçdikdən sonra icra edilir.








