Rusiya-Ukrayna müharibəsi uzun müddətdir ki, təkcə iki ölkə arasında hərbi qarşıdurma deyil, həm də qlobal təhlükəsizlik sisteminin əsas sınaqlarından biri kimi qiymətləndirilir.
Cəbhədə gərginliyin davam etdiyi bir vaxtda Ukraynanın Rusiyaya açıq məktub ünvanlaması və atəşkəsə çağırış etməsi diqqətləri yenidən mümkün danışıqlar prosesinə yönəldib.
Məktubda Türkiyə və ərəb dövlətlərində atəşkəslə bağlı danışıqlara başlamaq üçün müraciətin yer alması isə diplomatik vasitəçilik imkanlarını daha da genişləndirir.
Bu təşəbbüs müharibənin hərbi yolla deyil, siyasi dialoqla dayandırılması ehtimalını yenidən aktuallaşdırır. Lakin əsas sual dəyişməz qalır: Rusiya və Ukrayna real danışıqlar masasına oturmağa hazırdırmı və bu proses müharibənin sona çatmasına gətirib çıxara bilərmi?
Mövzu ilə bağlı hüquqşünas, siyasi şərhçi Polad Mehdiyev EDnews-a şərhində qeyd edib ki, mövcud şərtlər daxilində Ukraynanın mövqeyi ərazilərin de-yure, yəni hüquqi baxımdan Ukrayna ərazisi kimi tanınmasıdır.
"Rusiyanın mövqeyi isə bundan ibarətdir ki, işğal etdiyi ərazilər, o cümlədən Krım, həmçinin hazırda işğal prosesində olan regionlar və rayon mərkəzləri Rusiyanın ərazisi kimi rəsmiləşdirilsin. Bundan əlavə, Ukrayna ordusu azaldılsın, ölkədə demilitarizasiya həyata keçirilsin və NATO Ukraynada mövqelərini gücləndirməsin.

Bu baxımdan, tərəflər arasında razılığa gəlmək mümkün olmur. Yaxın gələcəkdə Rusiya ilə Ukrayna arasında qalıcı atəşkəsə və davamlı sülhə nail olmaq mümkün olmayacaq. Hazırkı mərhələdə Rusiya-Ukrayna müharibəsi daha çox tərəflərdən birinin digərini tükəndirməsi və psixoloji baxımdan aşındırması mərhələsindədir. Bu baxımdan sülhlə bağlı indiki təşəbbüslər təqdirəlayiqdir, lakin onların real nəticə verəcəyi görünən deyil".
Trampın onları "yaxşı insanlar", ölkələri isə "gözəl ölkələr" kimi xarakterizə etməsinə gəlincə isə politoloq əlavə edib ki, bu proses bizə yad deyil:
"Trampın sülhlə bağlı niyyətləri müsbətdir və təqdirəlayiqdir. O, dünyada sülhə töhfə vermiş dövlət başçısı kimi tarixdə qalmaq istəyir. Eyni zamanda, sülh mükafatına namizəd olmaq istəyir. Nə yaxşı ki, sülh sazişlərinin bağlanmasına çalışır. Lakin bu, sülh sazişinin bağlanması üçün Rusiya işğalı dayandırmalı və həmin ərazilərin hüquqi baxımdan Ukraynaya məxsus olması faktını qəbul etməlidir. Tərəflərin bu razılığa gedib-getməyəcəyini isə zaman göstərəcək".
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi ilə başlayıb.
Aytac Kərimova | EDnews







.jpg)