İranın ali liderinin hərbi müşaviri Möhsün Rzai ABŞ ilə mümkün saziş üçün Vaşinqtonun 24 milyard dollarlıq İran aktivlərini azad etməli olduğunu bildirib.
EDnews xəbər verir ki, İranın ali liderinin hərbi müşaviri Möhsün Rzai bu barədə "CNN" telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, ABŞ və İran arasında mümkün sazişin imzalanması Vaşinqtonun 24 milyard dollar həcmində İran aktivlərini dondurulmuş vəziyyətdən çıxarmağa hazır olub-olmamasından asılıdır.
Rzai bildirib ki, hazırda tərəflər arasında danışıqlar çıxılmaz vəziyyətə düşüb.
“Danışıqlar dalana dirənib və Tramp onları bu vəziyyətdən çıxarmalıdır. Top Trampın meydançasındadır”, – deyə İran rəsmisi vurğulayıb.
Möhsün Rzai qeyd edib ki, Tehran dondurulmuş vəsaitlərin azad edilməsini tərəflər arasında etimadın möhkəmləndirilməsi üçün vacib addım hesab edir.
“Əgər Tramp İranla razılıq əldə etmək istəyirsə, bu 24 milyard dollar etimad sınağıdır. İran bu sınağı Trampa təklif edir. Amerika bu imtahandan keçməlidir və bundan sonra yol açıq olacaq. Bu pullar Amerikaya deyil, İrana məxsusdur”, – deyə Xameneinin müşaviri bildirib.







