ABŞ Prezidenti Donald Tramp İranın Ali Dini Lideri Müctəba Xamenei ilə görüşə biləcəyini istisna etməyib.
Bəs Tramp-Xamenei görüşü real görünürmü?
Mövzu ilə bağlı siyasi şərhçi Rufiz Hafizoğlu EDnews-a açıqlamasında qeyd edib ki, Trampın yumor hissinə heyran qalmaq olar və o, əslində, bu sarkazmlı açıqlaması ilə Müctəba Xameneini çox çıxılmaz vəziyyətə salır:
"İran İslam Respublikası bütün ideologiyasını onun üzərində qurub ki, Birləşmiş Ştatlar “böyük şeytan”dır və bu “şeytan”la dialoqun olması mümkün deyil. Belə bir problem başlayandan bəri demək olar ki, bir dənə də olsun dini sima bu böhranın həlli istiqamətində danışıqlarda iştirak etməyib. Yəni məsələ əsasən siyasətçilərin üzərinə düşən məsələdir. Bu gün İranın qalib gəldiyi yer yalnız sosial şəbəkələrdir. İran bu gün olduğundan da daha pis vəziyyətdədir. Demək olmaz ki, ABŞ tam qalib gəldi. Lakin İran iqtisadiyyatı çökmüş, çox ciddi problemlərlə üz-üzə qalmış vəziyyətdədir. İran müəyyən qədər bu problemin öhdəsindən gəldi. Bunun isə bir bədəli var. Bundan sonra İran daxilində nələrin baş verəcəyini heç kim proqnozlaşdıra bilməz".

Siyasi şərhçinin sözlərinə görə, Müctəba Xamenei ilə Tramp arasında görüşünün olması İran ideologiyasının, tamamilə, çökməsi deməkdir:
"İran rəhbərliyi, Xamenei ailəsi, onu müdafiə edən “Bəsic” qüvvələri və digər hərbi qruplaşmalar heç bir halda buna imkan verməzlər. Bu baxımdan, belə bir görüşün baş tutması hazırda real görünmür. Çünki bu, İran üçün siyasi intihar deməkdir. İran onsuz da İslam dünyasında nüfuzu sarsılmış bir ölkədir. Son hadisələr göstərdi ki, İranın əsas məqsədi HƏMAS-ı belə qurban vermək, bunun fonunda isə nüvə proqramını inkişaf etdirməkdir. HƏMAS demək olar ki, sıradan çıxmış, məhvə yaxın vəziyyətə düşüb. Növbə “Hizbullah”dadır. Livanda “Hizbullah”ın özündə də çox ciddi problemlər yaşanır. İran öz maraqları naminə Livan xalqını belə qurban verməyə hazırdır".
Aytac Kərimova | EDnews






.jpg)
