7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO Sammiti bu il qlobal siyasətin ən mühüm diplomatik platformalarından biri kimi diqqət mərkəzindədir.
Sammitə ABŞ Prezidenti Donald Trampın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Ukrayna Prezidenti Volodimir Zelenski, eləcə də bir çox NATO ölkələrinin liderlərinin qatılacağı gözlənilir. NATO-nun məlumatına görə, toplantı Ankaradakı Beştəpə Prezident Kompleksində keçiriləcək.
Liderlərin bir masa arxasına toplaşması Ukrayna üzrə danışıqlar, regional təhlükəsizlik və Qərb-Rusiya münasibətləri baxımından yeni diplomatik mərhələnin başlanğıcı ola bilər?
Mövzu il bağlı EDnews-a danışan politoloq Elçin Xalidbəyli qeyd edib ki, NATO-nun Ankarada keçiriləcək növbəti sammiti qlobal məkan üçün böyük əhəmiyyət daşıyır:
"Türkiyə bu tədbirə olduqca ciddi hazırlaşır. Sammit hazırda bir sıra ciddi qlobal problemlərin mövcud olduğu, xüsusilə Ukrayna müharibəsinin və Yaxın Şərqdə hərbi-siyasi böhranın davam etdiyi bir dövrə təsadüf edir. Bu məsələlərin NATO sammitində müzakirə olunacağı isə şübhə doğurmur. Ukrayna Prezidenti Volodimir Zelenski artıq bəyan edib ki, NATO ölkələrinin bir çoxu Ukraynanın alyansa üzvlüyünə müsbət yanaşır. Ancaq bəzi dövlətlər hələ də buna etiraz edirlər. Bu baxımdan, NATO-nun Ankara sammitində Ukraynanın alyansa üzvlüyü ilə bağlı mövzunun gündəmə gələcəyi istisna deyil. Bu məsələdə Ukraynanın üzvlüyünü dəstəkləyən və buna qarşı çıxan dövlətlərin mövqelərinin ciddi müzakirə predmeti olacağı da şübhə doğurmur. Çünki bəzi dövlətlər Ukraynanın NATO-ya üzvlüyünün Rusiya ilə daha ciddi qarşıdurma vəziyyəti yarada biləcəyi qənaətindədirlər".

Politoloqun sözlərinə görə, digər NATO ölkələri isə hesab edirlər ki, Ukraynanı qorumaq və himayə altına almaq, bununla da Avropa məkanını Rusiyadan müdafiə etmək üçün Ukraynanın NATO-ya üzvlüyü olduqca vacibdir:
"Təbii ki, bu mövzu sammitdə müzakirə olunacaq əsas məsələlərdən biri kimi görünür. Digər önəmli mövzu isə böyük ehtimalla Yaxın Şərqdə davam edən hərbi-siyasi böhranla bağlı olacaq. Çünki Yaxın Şərqdəki müharibəyə NATO-nun, eləcə də alyansa üzv dövlətlərin ayrı-ayrılıqda münasibəti olduqca ciddi xarakter daşıyır. NATO, ABŞ-nin bütün təzyiqlərinə baxmayaraq, Yaxın Şərqdəki müharibəyə birbaşa cəlb olunmaqdan yayınmağa çalışır".
Elçin Xalidbəyli onu da əlavə edib ki, Avropa məkanına aid NATO dövlətlərinin əksəriyyəti Yaxın Şərqdəki müharibədə ABŞ-ı dəstəkləməyə o qədər də həvəs göstərmirlər. Bu isə ABŞ-ni ciddi şəkildə narahat edir:
"Hətta Prezident Donald Tramp Yaxın Şərqdə müharibə başladıqdan sonra bir neçə dəfə ABŞ-ın NATO-dan çıxa biləcəyi ilə bağlı mesajlar verib. Bu da həm Avropada, həm də NATO çərçivəsində ciddi narahatlıq doğurub.Bütün bu məsələlərin NATO-nun Ankara sammitində müzakirə olunacağı böyük ehtimal olunur. Ancaq sammitdə hansısa prinsipial qərarların qəbul ediləcəyi hələlik o qədər də inandırıcı görünmür".
Aytac Kərimova | EDnews



.jpg)


.png)
