Müasir dünya texnologiya, elm və rəqəmsal imkanlar baxımından sürətlə inkişaf etsə də, bəşəriyyət dərin mənəvi boşluq və qlobal dəyər böhranı ilə üz-üzədir. Bu gün beynəlxalq münasibətlərdə, cəmiyyətlərin daxili həyatında və fərdlərin dünyagörüşündə müşahidə olunan əsas problem yalnız iqtisadi və siyasi çətinliklərlə izah edilmir. Əsas məsələ insanın mənəvi mahiyyətindən uzaqlaşması, vicdan, ədalət və kimlik anlayışlarının zəifləməsidir.
Müasir dövrün paradoksu ondan ibarətdir ki, insanlıq bir tərəfdən kosmosu araşdırır, süni intellekt yaradır, texnoloji sərhədləri aşır, digər tərəfdən isə mənəvi baxımdan ciddi tənəzzül yaşayır. Cəmiyyətlərdə sosial yadlaşma, ailə institutunun zəifləməsi, istehlakçılığın həyat fəlsəfəsinə çevrilməsi və rəqəmsal platformaların insan düşüncəsini idarə etməsi bu böhranın əsas göstəriciləri kimi ortaya çıxır.
Mətn müəllifi qeyd edir ki, XXI əsrin ən böyük təhlükəsi enerji çatışmazlığı, iqtisadi böhran və ya geosiyasi qarşıdurmalar deyil, məhz qlobal dəyər böhranıdır. Çünki bütün digər böhranların kökündə insanın mənəvi zəifləməsi dayanır. Ədalət duyğusu zəiflədikdə hüquq maraqlara qurban verilir, vicdan mexanizmi sıradan çıxdıqda isə güc amansız və idarəolunmaz xarakter alır.
Tarixi təcrübə də göstərir ki, böyük sivilizasiyalar və imperiyalar çox vaxt xarici hücumlardan əvvəl daxildən, mənəvi aşınma nəticəsində zəifləyiblər. Roma İmperiyasından başlayaraq bir çox qüdrətli dövlətlərin süqutunda daxili parçalanma, əxlaqi dəyərlərin itirilməsi və sosial həmrəyliyin pozulması həlledici rol oynayıb.
Müasir dövrdə bu proses daha gizli və mürəkkəb formada baş verir. Rəqəmsal platformalar, sosial şəbəkələr və istehlak mədəniyyəti insanı real mənliyindən uzaqlaşdıraraq “profil şəxsiyyəti” formalaşdırır. İnsanlar artıq həyatı yaşamaqdan çox, onu nümayiş etdirməyə çalışır. Bu isə daxili boşluğu daha da dərinləşdirir.
Məqalədə vurğulanır ki, texnologiya insan həyatını asanlaşdırsa da, onun mənəvi rahatlığını təmin edə bilmir. İnformasiya bolluğu insanı avtomatik olaraq müdrikləşdirmir. Əksinə, dərin təfəkkürün zəifləməsi, sürətli vizual təsirlərin düşüncəni əvəz etməsi cəmiyyətləri daha asan idarə olunan kütləyə çevirir.
Bu kontekstdə milli kimlik anlayışı gələcəyin əsas geosiyasi güc amillərindən biri kimi təqdim olunur. Müəllif hesab edir ki, gələcəyin ən dayanıqlı dövlətləri yalnız iqtisadi və hərbi baxımdan güclü olanlar deyil, həm də milli-mənəvi dəyərlərini qoruyaraq modernləşən dövlətlər olacaq.
Azərbaycan nümunəsi bu baxımdan xüsusi vurğulanır. Bildirilir ki, ölkənin uzun illər beynəlxalq ikili standartlarla, ədalətsizliklə və hüququn geosiyasi maraqlara qurban verilməsi ilə üzləşməsi göstərdi ki, müasir qlobal sistem çox vaxt mənəvi prinsiplərdən çox güc məntiqi ilə hərəkət edir.
Məqalədə Ümummilli Lider Heydər Əliyevin milli dövlətçilik modeli də xüsusi qeyd olunur. Onun milli-mənəvi dəyərlərin qorunmasını xalqın varlıq şərti və dövlət müstəqilliyinin əsas dayağı kimi dəyərləndirdiyi bildirilir. Bu xəttin Prezident İlham Əliyev tərəfindən yeni geosiyasi şəraitdə davam etdirildiyi vurğulanır.
44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər isə yalnız hərbi-siyasi uğur kimi deyil, milli kimliyin, tarixi yaddaşın, mənəvi birliyin və dövlət-xalq vəhdətinin təntənəsi kimi qiymətləndirilir. Müəllifə görə, bu Zəfər göstərdi ki, milli ruhunu və tarixi ədalət hissini qoruyan xalq ən mürəkkəb geosiyasi şəraitdə belə öz suveren iradəsini təmin edə bilir.
Nəticə olaraq qeyd olunur ki, XXI əsrdə gələcəyin əsas mübarizəsi yalnız enerji resursları, texnoloji üstünlük və coğrafi sərhədlər uğrunda getməyəcək. Əsas savaş insanın mənəvi mahiyyəti, milli kimliyi və daxili azadlığı uğrunda olacaq. Milli-mənəvi dayaqlarını qoruyan dövlətlər isə gələcəyin dünyasında daha güclü, dayanıqlı və təsirli geosiyasi aktorlara çevriləcəklər.






.jpg)
