Dünyanın ən strateji enerji marşrutlarından biri sayılan Hörmüz boğazı təkcə İranla Qərb arasında qarşıdurmanın deyil, həm də qlobal enerji təhlükəsizliyinin əsas düyün nöqtələrindən biridir.
İsrailin Baş naziri Benyamin Netanyahunun Hörmüz boğazının hərbi yolla açıla biləcəyini bəyan etməsi isə Yaxın Şərqdə gərginliyin daha da artacağı ehtimallarını artırır.
Mövzu ilə bağlı EDnews-a danışan politoloq Zaur İbrahimli qeyd edib ki, texniki-hərbi potensial baxımından ABŞ və İsrailin Hörmüz boğazını hərbi yolla açmaq imkanları var:
"İndiki halda, müvəqqəti də olsa, söhbət İranın tətbiq etdiyi blokadanın aradan qaldırılmasından gedir. Lakin uzunmüddətli perspektivdə bunu hərbi yolla təmin etmək mümkün görünmür. Çünki orada daimi hərbi nəzarətin təmin olunması lazım gələcək. Bu isə o deməkdir ki, İran ərazisində davamlı şəkildə hərbi kontingent saxlamaq zərurəti yaranacaq. İran isə indiyə qədər hətta kiçikmiqyaslı əməliyyatlar və asimmetrik üsullarla effektiv zərbə vurmaq potensialını nümayiş etdirib. Zaman keçdikcə bu potensialın daha da artacağı gözlənilir".

Politoloqun fikrincə, indiki dron texnologiyaları və raket sistemləri ABŞ və ya İsrail hərbi kontingentinin İran ərazisində təhlükəsiz şəkildə yerləşəcəyini, eləcə də Hörmüz boğazına effektiv hərbi nəzarət edə biləcəyini sual altına alır. Hətta bu, belə bir nəzarəti faktiki olaraq qeyri-mümkün edir:
"Bu baxımdan, böyük ehtimalla, İsrail baş naziri “Hərbi yolla Hörmüz boğazına çıxmaq mümkündür” deyərkən konkret situasiyanı nəzərdə tutub. Çünki bu cür boğazların, keçidlərin və ümumilikdə nəqliyyat-logistika bağlantılarının fəaliyyəti yalnız uzunmüddətli və zəmanətli razılaşmalarla mümkündür. Bunu indiyə qədərki tarixi təcrübə də sübut edir. Süveyş kanalı və Panama kanalı nümunələri bunu göstərir. Ümumiyyətlə, bu cür kritik kommunikasiya xətləri və bağlantılar yalnız uzunmüddətli, strateji razılaşmalar əsasında sabit fəaliyyət göstərə bilər. İsrail baş nazirinin bu fikirlərini daha çox təbliğat xarakterli bəyanat kimi qiymətləndirmək olar".
Aytac Kərimova | EDnews



.jpg)


.png)
