"Ukraynanın Rusiyanın neft emalı zavodlarına endirdiyi zərbələr təkcə Moskvanın yanacaq imkanlarının azaldılmasına deyil, həm də onun hərbi və iqtisadi potensialının uzunmüddətli zəiflədilməsinə yönəlib".
Bunu ukraynalı hərbi-siyasi ekspert Aleksandr Kovalenko EDnews-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, neft emalı sahəsi Rusiya ordusunun yanacaq materialları ilə təminatında əsas elementlərdən biridir. Bu səbəbdən, Ukraynanın bu tip obyektlərə zərbələri davam edəcək və daha da genişlənəcək.
“Bu zərbələr, şübhəsiz ki, ilk növbədə Rusiyanın Ukraynaya qarşı müharibəni maliyyələşdirmək imkanlarına təsir edir. İkinci mühüm məqam isə Rusiya qoşunlarının yanacaq-sürtkü materialları ilə təminatıdır”, - deyə Kovalenko bildirib.
Ekspert vurğulayıb ki, zərbələrin hədəfi mülki əhali deyil, Rusiyanın hərbi potensialı, logistika sistemi və neft emalı ilə bağlı infrastrukturdur.
Kovalenkonun fikrincə, Rusiyanın neft emalı imkanlarının daha da zəiflədilməsi ölkə elitası üçün ciddi siqnal ola bilər.
“Bu, Rusiya oliqarxiyasına və elitasına gələcəklə bağlı təzyiqdir. Əgər Rusiyanın neft emalı sahəsi tamamilə sıradan çıxarılarsa, 5, 10 və ya 20 ildən sonra bu ölkəni nə gözləyəcək?” - deyə o qeyd edib.
Ekspert hesab edir ki, belə bir vəziyyət Rusiya rəhbərliyini münaqişənin nizamlanması üçün real diplomatik addımlara sövq etməlidir.
Lakin Kovalenkonun fikrincə, 2026-cı ildə belə bir prosesin başlanması üçün ciddi perspektiv görünmür.
“Hazırda Ukrayna zərbələrin miqyasını yalnız artıracaq. Bu, Rusiya həqiqətən sağlam diplomatik danışıqlar prosesinə razılaşana qədər davam edəcək”, - deyə Aleksandr Kovalenko vurğulayıb.
Beləliklə, Kovalenkonun sözlərinə görə, Ukrayna artıq təkcə cəbhə xəttində deyil, Rusiyanın iqtisadi və hərbi sisteminin “dərin damarlarında” da təzyiq yaradır. Bu isə Moskvanı seçim qarşısında qoyur: ya real diplomatik prosesə qayıtmaq, ya da müharibənin xərclərini daha ağır formada ödəmək.
Aysel Hacıyeva | EDnews







