Baş Dövlət Yol Polisi İdarəsi piyadalara yollarda diqqətli olmaqla bağlı çağırış edib.
EDnews xəbər verir ki, piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması, piyada intizamının artırılması və yol hərəkəti təhlükəsizliyi sahəsində maarifləndirmə işinin genişləndirilməsi məqsədilə 15–22 iyun tarixlərində respublika ərazisində “Piyadalar, diqqətli olun!” şərti adı altında Hərəkətin Təhlükəsizliyi Həftəliyi elan edilib.
Həftəliyin keçirilməsində əsas məqsəd piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısını almaq, yol hərəkəti iştirakçıları arasında təhlükəsiz davranış vərdişlərini formalaşdırmaq və piyadaların yol hərəkəti qaydalarına əməl etməsinin vacibliyi barədə maarifləndirmə işini gücləndirməkdir.
Tədbirlər çərçivəsində piyadaların daha çox hərəkət etdiyi ərazilərdə profilaktik və maarifləndirici aksiyalar keçiriləcək. Həmçinin yol hərəkəti təhlükəsizliyi ilə bağlı ictimai məlumatlandırma işi genişləndiriləcək.
Baş Dövlət Yol Polisi İdarəsi piyadalardan yollarda ehtiyatlı olmağı, keçidlərdən istifadə etməyi, svetoforun tələblərinə əməl etməyi və hərəkət zamanı diqqətli davranmağı xahiş edir.
Qurum eyni zamanda ictimai təsisatları, xüsusilə media subyektlərini bu maarifləndirici tədbirə dəstək verməyə çağırıb.







