Avropa Birliyi İrana qarşı tətbiq olunan sanksiyaların dərhal ləğv edilməyəcəyini açıqlayıb.
EDnews xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Fransada keçirilən G7 sammiti çərçivəsində Avropa Şurasının Prezidenti Antonio Costa ilə birgə mətbuat konfransında çıxışı zamanı bu barədə danışıb.
Von der Leyen bildirib ki, ABŞ ilə İran arasında əldə olunan mutabakat müsbət qarşılanır, lakin hazırkı mərhələdə əsas prioritet həmin razılaşmanın tam şəkildə icra edilməsidir.
Onun sözlərinə görə, Avropa Birliyinin İrana qarşı sanksiyaları əsasən insan hüquqları pozuntuları və kütləvi qırğın silahları ilə bağlı iki istiqaməti əhatə edir.
“Sanksiyaların əsas prinsipi ondan ibarətdir ki, onların ləğvini nəzərdən keçirmək üçün sahədə real dəyişiklik olmalıdır. Sanksiyalar davranış dəyişikliyi yaratmaq üçün tətbiq edilir. Əgər davranış etibarlı və yoxlanıla bilən şəkildə dəyişirsə, sanksiyalar ləğv edilə bilər”, - deyə von der Leyen qeyd edib.
Avropa Komissiyasının Prezidenti vurğulayıb ki, davranış dəyişikliyi olmadığı müddətdə insan hüquqları pozuntuları və kütləvi qırğın silahları ilə bağlı tətbiq edilən sanksiyalar qüvvədə qalacaq.
Von der Leyen ABŞ-İran mutabakatının daha geniş danışıqlara yol açmalı olduğunu bildirib. O, İranın nüvə və ballistik raket proqramlarının da dayandırılmasının vacibliyini qeyd edib.
Yaxın Şərqdə davamlı sülh məsələsinə toxunan von der Leyen Livandakı qarşıdurmaların sona çatmasının vacibliyini vurğulayıb. O, real atəşkəsə çağırış edib və Livanın suverenliyinə tam hörmət göstərilməli olduğunu bildirib.
Avropa Komissiyasının Prezidenti həmçinin Avropa Birliyinin Fransa ilə Avropa Təhlükəsizlik Fəaliyyəti — SAFE birgə müdafiə maliyyələşdirmə proqramı çərçivəsində 15 milyard avroluq müdafiə krediti sazişi imzalayacağını açıqlayıb.
Çinlə iqtisadi münasibətlərə də toxunan von der Leyen 2025-ci ilin Avropa Birliyi üçün bu istiqamətdə kritik dövr olduğunu deyib. Onun sözlərinə görə, ilk dəfə olaraq bütün AB üzv ölkələri Çinlə ticarətdə kəsir verib.
Von der Leyen bildirib ki, AB-nin Çinlə ticarət kəsiri 360 milyard avroya çatıb və bu vəziyyət davamlı hesab oluna bilməz.
O qeyd edib ki, Avropa Birliyinin məqsədi Çinlə iqtisadi əlaqələri tam kəsmək deyil, riskləri azaltmaqdır. Bu məqsədlə istehsal imkanlarının artırılması, azad ticarət şəbəkələrinin genişləndirilməsi və təchizat zəncirlərinin şaxələndirilməsi planlaşdırılır.
Von der Leyen kritik mineralların istehsalı və emalında Çinin dominant mövqeyinin Avropa üçün strateji risk yaratdığını bildirib. Onun sözlərinə görə, ötən il kritik mineral ixracına tətbiq edilən məhdudiyyətlər Avropa iqtisadiyyatına birbaşa təsir göstərib.
O, bir tədarükçüdən həddindən artıq asılılığın təhlükəli olduğunu vurğulayıb.
Avropa Komissiyasının Prezidenti Orta Şərqdəki proseslərin enerji asılılığının necə təzyiq vasitəsinə çevrilə bildiyini göstərdiyini deyib. Bu səbəbdən Hürmüz Boğazı üzərindən enerji daşımalarına asılılığı azaltmaq üçün alternativ marşrutların da gündəmdə olduğu bildirilib.
Von der Leyen əlavə edib ki, G7 liderləri süni intellektin təhlükəsiz istifadəsi və uşaqların onlayn mühitdə qorunması məsələlərini də müzakirə edəcəklər.
O bildirib ki, xüsusilə inkişaf etmiş süni intellekt modelləri istifadəyə verilməzdən əvvəl test edilməlidir. Sosial medianın uşaqlara əlçatanlığının məhdudlaşdırılması ilə bağlı arqumentlərin getdikcə gücləndiyi də qeyd olunub.
Von der Leyenin sözlərinə görə, texnologiya şirkətləri daha çox məsuliyyət daşımalı, Avropada rəqəmsal platformalar isə təhlükəsiz dizayn prinsipinə əməl etdiklərini sübut etməlidir.
Avropa Şurasının Prezidenti Antonio Costa isə G7 sammitinin qlobal sabitlik baxımından kritik dövrdə keçirildiyini bildirib.







