Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Corc Ceykob Kuvakadı qəbul edib.
EDnews xəbər verir ki, bu barədə President.az məlumat yayıb.
Görüşdə Azərbaycanla Müqəddəs Taxt-Tac arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb. Müxtəlif səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin genişlənməsində mühüm rol oynadığı qeyd edilib.
Bu baxımdan Corc Ceykob Kuvakadın Azərbaycanın regionlarına da səfər edəcəyinin əhəmiyyəti xüsusi vurğulanıb.
Qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Roma Papası XIV Leonun və Vatikanın dövlət katibi kardinal Pietro Parolinin salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə təşəkkürünü bildirib və onun da salamlarının Roma Papasına, eləcə də Vatikanın dövlət katibinə çatdırılmasını xahiş edib.
Dövlət başçısı Vatikana səfərini və mərhum Roma Papası Fransisklə görüşünü, həmçinin onun Azərbaycana səfərini məmnunluqla xatırlayıb.
Söhbət zamanı Azərbaycanda tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşadığı qeyd olunub. Azərbaycanın tolerantlıq və multikulturalizm məkanı kimi dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına qlobal səviyyədə mühüm töhfələr verdiyi vurğulanıb.
Görüşdə Müqəddəs Taxt-Tacın Azərbaycandakı Katolik Kilsəsinin fəaliyyəti də qeyd edilib, ölkəmizdə ikinci Katolik kilsəsinin inşa olunduğu bildirilib.
Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında əməkdaşlığa da toxunulub. Fondun Vatikanda həyata keçirdiyi layihələrin mədəni irsin qorunması və dinlərarası dialoqun təşviqi baxımından əhəmiyyəti qeyd edilib.
Görüş zamanı Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda Prezident İlham Əliyev Roma Papası XIV Leonun Azərbaycana səfərə dəvəti ilə bağlı məktubunu Corc Ceykob Kuvakada təqdim edib.







