Hər kəsin sağlamlığı birbaşa qəbul etdiyi qidadan asılı olduğunu desək, heç də yanılmarıq. Biz sağlam qidalanmaq üçün rasionumuza vitamin və minerallarla zəngin qidaların daxil edilməsini özümüzə vacib bilirik. Lakin bəzən qəbul edilən qidalar, orqanizmi lazım olan vitamin və minerallarla təmin edə bilmir, bu zaman isə insanlar qida əlavələrinə üz tutur.
Bəzi insanlar əlavələr (vitaminlər və həblər) qəbul etdikdə, onların yalnız müsbət faydaları olduğunu güman edirlər. Ancaq insanlar qida əlavələrin orqanizmə necə təsir göstərmələri barədə çox az məlumatlıdırlar.
Mövzu ilə bağlı qida mütəxəssisi Məhsəti Hüseynova Ednews-a açıqlamasında bildirib ki, hazırda qida əlavələri nəzarətdə olmayan məhsullar siyahısındadır. Çünki onlar nə dərman, nə də qida deyil ki, Qida Təhlükəsizliyi Agentliyinin və Səhiyyə Nazirliyinin nəzarətində olsun. Bu səbəbdən də bu cür məhsullara bir çox satış məntəqələrində rast gəlmək mümkündür”.
Mütəxəssisin sözlərinə görə, mənşəyi, keyfiyyəti, istehsal tarixi və tərkibi məlum olmayan qida əlavələri insana lazım olan faydaları verə bilməz. Həm də onların üzərində müalicə vasitəsi olmadığı da qeyd olunur. Beləliklə də, həmin məhsulları ixrac edən fabriklər bir növ özlərini siğortalamış olur.
Məhsəti Hüseynova, həmçinin qeyd edib ki, qida əlavələri vitamin və bunun kimi digər məhsullar heç bir qidanı da əvəz edə bilməz.
“Bu əlavələr Azərbaycana daha çox qonşu ölkə Türkiyədən ixrac olunur. Tərkibi bilinməyən məhsulları da kapsul şəklində insanlara sataraq, onların özlərini aldatmış olmasına gətirib çıxarır”.
Mütəxəssis, hər hansı bir maddəni, dərmanı və ya qida məhsulunu qəbul etməzdən əvvəl, həmin insanın müayinədən keçməsini, analiz verməsinin vacibliyini vurğulayıb.
“Çünki bu həblər kor-koranə qəbul edildikdə, nəticəsi pis ola bilər. Doğru olan isə bu əlavələrin yerinə, saxlama müddəti çox olan, salafan paketlərdə qablaşdırılan, xaricdən gələn və tərkibi bilinməyən məhsullardan uzaq gəzmək və təbii məhsullardan, torpağımız yetişdirdiyi meyvə-tərəvəzlərdən istifadə etmək, az miqdarda yeməklər hazırlamaqdır. Orqanizmdə vitamin azlığından daha çox, onun çox miqdarda olması problem yaradır. Bu isə nəticədə pis xəstəliklərə, zərərli hüceyrələrin inkişafına gətirib çıxardır. Hər bir kəs öz orqanizminə bələd olmalı, nəyə qarşı allergiyasının olduğunu bilməli və düzgün qidalanmalıdır”.
Rəna Mürşüd