Yerdə son günlər müşahidə olunan güclü maqnit qasırğası alimlərin və texnoloji sahələrin diqqət mərkəzindədir. Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasından verilən məlumata görə, maqnit qasırğası 66 saat davam edib. Bu, 2017-ci ilin aprelindən bəri ən uzun müddətli maqnit aktivliyi kimi qeydə alınıb.
“EDnews” xəbər verir ki, laboratoriyanın rəsmi Telegram kanalında bu barədə paylaşım edilib:
“Geomaqnit indeksləri yenidən yaşıl rəngdədir. Keçmiş geomaqnit hadisəsi 66 saat davam edib və 2017-ci ilin aprelindən bəri ən böyük fasiləsiz geomaqnit qasırğası seriyasına çevrilib”.
Xatırladaq ki, 2017-ci ilin aprelində geomaqnit qasırğaları 69 saat davam etmiş və genişmiqyaslı texniki nasazlıqlara səbəb olmuşdu.
Maqnit qasırğaları Günəşdə baş verən partlayışlar nəticəsində yaranır və Yerin maqnit sahəsinə təsir edir. Bu cür hadisələr naviqasiya sistemləri, peyk rabitəsi, radio siqnalları və hətta enerji şəbəkələrində nasazlıqlar yaradaraq gündəlik həyatı və texnologiyaları risk altına alır. Eyni zamanda, ürək-damar və sinir sistemi problemi olan şəxslərdə sağlamlıqla bağlı narahatlıqlara səbəb ola bilər.
Alimlər vurğulayırlar ki, Günəş aktivliyi yaxın aylarda da yüksək olaraq qalacaq. Buna görə də belə qasırğaların təkrarlanma ehtimalı yüksəkdir və müşahidə sistemləri vasitəsilə davamlı izlənməyə ehtiyac var.
Fatimə Şükürova // EDnews