Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyaya işgüzar səfərə gəlib.
EDnews xəbər verir ki, bu barədə Zelenski "Telegram" da paylaşım edib.
O, səfərin əsas məqsədinin Ukraynanın müdafiəsinin gücləndirilməsi, Avropanın təhlükəsizliyi və diplomatik perspektivlərlə bağlı məsələlərin müzakirəsi olduğunu bildirib. Zelenski proqram çərçivəsində Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə ikitərəfli, həmçinin Almaniya rəhbərliyi ilə E3-Ukrayna formatında görüş həyata keçirəcək.
Ukrayna lideri bildirib ki, görüşlərə hazırlıq işləri artıq tamamlanıb və əsas məsələlər dövlət rəhbərləri səviyyəsində müzakirə olunacaq.
“Ən vacib məsələ müdafiəmizin gücləndirilməsi, hava hücumundan müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi və diplomatik perspektivlərə dair ortaq baxışın formalaşdırılmasıdır. Avropa danışıqlarda iştirak etməli və güclü olmalıdır”, – deyə Zelenski vurğulayıb.
O, həmçinin Ukraynaya dəstək göstərən Böyük Britaniyaya və digər tərəfdaş ölkələrə təşəkkür edib. Zelenski Rusiyaya təzyiqlərin davam etdirilməsinin vacibliyini qeyd edərək, müharibənin başa çatdırılmasının Moskvanın qərarından asılı olduğunu bildirib.
Qeyd edək ki, Zelenski, Starmer, Emmanuel Macron və Friedrich Merz ötən ilin dekabrında Londonda görüşərək Rusiyaya qarşı iqtisadi təzyiqin artırılması və Ukrayna üçün “ədalətli və davamlı sülh” məsələlərini müzakirə ediblər. Sabah isə Zelenskinin Böyük Britaniya kralı Charles III ilə görüşü planlaşdırılır.
Aytac Kərimova | EDnews







