Zaporojye Atom Elektrik Stansiyasının enerji təminatı üçün mühüm əhəmiyyət daşıyan əsas elektrik xəttində təmir işləri yekunlaşıb.
EDnews xəbər verir ki, bu barədə RBC-Ukrayna “Reuters”ə istinadən məlumat yayıb.
Bildirilib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatına əsasən, təmir işləri Ukrayna və Rusiya arasında əldə edilmiş müvəqqəti lokal atəşkəs çərçivəsində aparılıb.
İşlər 750 kV-luq “Dneprovskaya” elektrik ötürücü xəttini və Zaporojye İstilik Elektrik Stansiyasının bölüşdürücü yarımstansiyasını əhatə edib.
Məlumata görə, “Dneprovskaya” xətti təmir olunsa da, onu birləşdirən yarımstansiyada ciddi zədələr olduğuna görə xətt hələ istismara verilməyib.
“Xətt təmir olunub, lakin onun hələ istismara verilməsi lazımdır”, - deyə MAQATE-nin baş direktoru Rafael Qrossi bildirib.
Qeyd olunur ki, yarımstansiyada təmir işləri davam edir, lakin onların yaxın vaxtlarda başa çatacağı gözlənilmir.
Xatırladaq ki, iyunun əvvəlində Zaporojye AES bir neçə dəfə xarici elektrik təchizatından məhrum olub.
Bu səbəbdən stansiyanın enerji təminatı fövqəladə dizel generatorları hesabına həyata keçirilib və nüvə təhlükəsizliyi ilə bağlı risklər yenidən gündəmə gəlib.








