Azərbaycan Ordusunun polkovnik-leytenantı Rəşad Atakişiyevin ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunması ailə üzvləri tərəfindən böyük qürur və duyğu ilə qarşılanıb.
EDnews olaraq mərhum zabitin qayınatası, politoloq Qabil Hüseynli ilə əlaqə saxladıq və onun bu qərarla bağlı hisslərini öyrəndik.
Qabil Hüseynli bildirib ki, bu təltif ailə üçün həm qürurverici, həm də mənəvi baxımdan önəmli hadisədir:
“Şübhəsiz ki, bu xəbər bizi çox sevindirdi. Mən hər zaman inanırdım ki, Rəşad bu cür yüksək dövlət təltifinə layiq zabit idi. Onun xidmətləri, peşəkarlığı və Vətən qarşısındakı fədakarlığı bunu çoxdan haqq etmişdi.
Biz ailə olaraq həmişə düşünmüşük ki, onun xidmətlərinə verilən dəyər davamlı olmalıdır. Prezident tərəfindən verilən bu qərarı yüksək qiymətləndiririk və təşəkkür edirik.
Eyni zamanda hesab edirik ki, Rəşad Atakişiyevin xatirəsinin daha geniş şəkildə əbədiləşdirilməsi vacibdir. Onun adı yaşadığı ərazidə, təhsil aldığı məktəbdə və gələcək nəsillərin tanıyacağı yerlərdə yaşadılmalıdır. Belə insanların həyatı və xidmət yolu gənclər üçün nümunə olmalıdır”.
Qabil Hüseynli mərhum zabitin şəxsi keyfiyyətlərindən də danışıb:
“Rəşad çox çalışqan, daim öz üzərində işləyən insan idi. Hərb sahəsinə xüsusi marağı vardı. Aviasiya ilə bağlı çox oxuyur, xarici dilləri öyrənirdi. Azərbaycan və Türkiyə arasında keçirilən hərbi aviasiya təlimlərini diqqətlə izləyir, peşəsinə böyük sevgi ilə yanaşırdı.
Onun içində çox arzular vardı. Təəssüf ki, həyat həmin arzuların hamısını həyata keçirməyə imkan vermədi. Amma onun qoyduğu iz və xidmətləri hər zaman yaşayacaq”.
Sonda Qabil Hüseynli bildirib ki, ailə üçün ən böyük təsəlli Rəşad Atakişiyevin dövlət və xalq tərəfindən unudulmamasıdır.






