Somali piratları may ayının əvvəlində qaçırdıqları və Somali sahillərində saxlanılan “Eureka” neft tankerinin heyətini öldürməklə hədələyiblər.
EDnews xəbər verir ki, bu barədə “Garowe Online” portalı dənizçilərin qohumlarına istinadla məlumat yayıb. Dəniz quldurlarının tələbi girovlar üçün xərac ödənilməsidir.
Portalın məlumatına görə, gəmidə 12 nəfər var. Onlardan səkkizi Misir, dördü isə Hindistan vətəndaşıdır. Dənizçilərin qohumları onların azad edilməsi üçün danışıqların dalana dirəndiyini bildiriblər. Bu fonda quldurlar tankerin sahibinə təzyiqi artırmaq üçün gəmi heyətinin bir hissəsini öldürməklə və ya gəmidən ucqar dağlıq əraziyə təxliyə etməklə hədələyiblər.
Portal qeyd edir ki, vəsaitlərin köçürülməsində gecikmədən sonra böhran daha da şiddətlənib. Saxlanılan dənizçilərdən birinin həyat yoldaşının sözlərinə görə, ilkin fidyə (xərac) razılaşması əldə edilib, lakin texniki gecikmələr səbəbindən razılaşma baş tutmayıb. “Garowe Online” mənbələri iddia edir ki, gəminin sahibi köçürməni başa çatdırmaq üçün əlavə vaxt istəyib, lakin piratlar bundan imtina ediblər.
Toqo bayrağı altında üzən "Eureka" neft tankeri 2 mayda Yəmən sularından çıxdıqdan sonra qaçırılıb və Puntland yaxınlığındakı Somali sahillərinə aparılıb. Misir Xarici İşlər Nazirliyi əvvəllər vəziyyəti izlədiyini və dənizçilərin azad edilməsini təmin etmək üçün Moqadişudakı Misir səfirliyi və Somali federal hakimiyyəti ilə əlaqə saxladığını bildirmişdi.
Misirin dəniz zabitləri birliyinin rəhbəri Əl-Sayed əl-Şazli bu cür təhdidlərin fidyə ödənişini sürətləndirmək üçün psixoloji təzyiq göstərmək cəhdi ola biləcəyini bildirib. O deyib ki, mövcud əlamətlər girovları öldürmək üçün sui-qəsd olduğunu göstərmir, lakin vəziyyət ciddi narahatlıq doğurur.







