BMT-nin Beynəlxalq Dəniz Təşkilatı Hörmüz boğazı vasitəsilə dənizçilərin təxliyəsi üzrə əməliyyatı müvəqqəti dayandırıb.
EDnews xəbər verir ki, bu barədə “Gazeta.Ru” təşkilatın bəyanatına istinadən məlumat yayıb.
Bildirilib ki, qərar yük gəmisinə hücumdan sonra qəbul edilib. Beynəlxalq Dəniz Təşkilatının baş katibi Arsenio Dominqes bildirib ki, təxliyə planı çərçivəsində bir neçə gəmidən dənizçilərin çıxarılması artıq uğurla həyata keçirilib. Lakin bölgədə təhlükəsizlik təminatlarının yenidən yoxlanılması üçün əməliyyatın icrası müvəqqəti dayandırılıb.
Onun sözlərinə görə, cümə günü Oman körfəzində Hörmüz boğazından keçən, lakin BMT-nin təxliyə proqramında iştirak etməyən gəmiyə hücum barədə məlumat alınıb.
Dominqes qeyd edib ki, dənizçilərin təhlükəsizliyi əsas prioritet olaraq qalır. Bu səbəbdən əlavə məlumat əldə olunana qədər təxliyə planının icrası dayandırılacaq.
Məlumata görə, “The Wall Street Journal” Sinqapur bayrağı altında üzən yük gəmisinə İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən hücum edildiyini yazıb.








