Avrasiya Təhsil Mərkəzinin təsisçisi Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Gürcüstanda fəaliyyət göstərən Beynəlxalq Təhsil Akademiyası ilə rəsmi tərəfdaşlığa başlayır.
Eurasia Diary xəbər verir ki, BAMF prezidenti Umud Mirzəyev Beynəlxalq Təhsil Akademiyasının şirkət direktoru və Gürcüstan Milli Universitetinin professoru Katya Tabutsadze ilə rəsmi görüş keçirib.
BAMF-ın Bakı ofisində baş tutan görüşdə həmçinin Suxumi Dövlət Universitetinin dosenti Maya Ağayeva, Avrasiya Təhsil Mərkəzinin icraçı meneceri Anastasiya Lavrina və Avrasiya Təhsil Mərkəzində ingilis dili müəllimi Esmira Xasumbekova iştirak ediblər.
Görüşdə Avropa İttifaqına (Aİ) üzv və namizəd olan dövlətlərin dillərinə uyğunlaşdırılmış standart test sistemi təqdim edən, beynəlxalq imtahan sistemi olan, Avropa Konsortiumunun Müasir Dillərdə Müvəffəqiyyət Sertifikatının təbliğatı üçün tərəfdaşlıq müzakirə olunub. U.Mirzəyev məlumat verib ki, BAMF Macarıstandakı Peç Universiteti ilə müqavilə imzalayıb və 2018-ci ildə Azərbaycanda yeganə olan (Avropa Konsortiumunun Müasir Dillərdə Müvəffəqiyyət Sertifikatının) statusunu alıb. Avrasiya Təhsil Mərkəzi Azərbaycan Respublikasında bu sertifikatı almaq istəyən şəxslərə hazırlıq kursu və imtahan təşkil edən birinci təhsil mərkəzidir.
K.Tabutsadze Gürcüstanda ADK imtahan sistemi haqqında daha çox məlumat əldə etmək və hazırlıq kurslarında iştirak etmək üçün yüksək maraq olduğunu bildirib. Buna görə də, BAMF ilə tərəfdaşlıq bu dil testini yalnız Gürcüstanda deyil, həm digər ölkələrdə tanıtmaq üçün yaxşı bir fürsətdir.
Tərəflər xaricdə işləmək və təhsil almaq üçün ən populyar İngilis dili bilik testinin Azərbaycanda, Gürcüstanda və digər post-sovet ölkələrində təbliği istiqamətində birgə işləmək üçün razılığa gəliblər. Bundan əlavə, bir sıra Yay və Qış məktəblərinin, tələbə və müəllimlərin (yerli və xaricdə) ADK hazırlıq kurslarının və beynəlxalq konfransların təşkili imkanlarını müzakirə ediblər.
ADK imtahan sistemi 1983-1992 illəri arasında beynəlxalq dil test mütəxəssisləri qrupu tərəfindən hazırlanıb. 1999-cu ildən etibarən Beynəlxalq ADK İmtahan Mərkəzi Xarici Dillər Katibliyində, Macarıstanda qurulan ilk universitet olan Peç Universitetinde fəaliyyət göstərir.
Standartlaşdırmanın birinci mərhələsində müəyyən olunmuş vahid meyarlar əsasında ADK imtahanları ingilis, fransız, alman, macar, italyan, polyak, rumın, bolqar, serb, slovak, rus, ispan, xorvat, çex və ibrani dillərində qəbul edilə bilər.