Leyla Əliyeva Almaniyanın Bonn şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının — UNFCCC-nin icraçı katibi Saymon Stil ilə görüş keçirib.
EDnews xəbər verir ki, görüşdə Azərbaycanın ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunması və ekoloji dayanıqlılığın təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verilib.
Bu çərçivədə IDEA İctimai Birliyinin ekoloji sahədə həyata keçirdiyi layihə və təşəbbüslər də diqqətə çatdırılıb. Biomüxtəlifliyin zənginləşdirilməsi, ətraf mühitlə bağlı maarifləndirmə tədbirləri, nadir fauna növlərinin qorunması və ekosistemlərin bərpasına yönələn fəaliyyətlər barədə danışılıb.
Görüşdə mühafizə olunan təbiət ərazilərinin sahəsinin genişləndirilməsinin əhəmiyyəti də qeyd olunub. Bildirilib ki, bu addım iqlim dəyişikliklərinin təsirlərinin azaldılması baxımından mühüm rol oynayır.
Söhbət zamanı Xəzər dənizinin səviyyəsinin enməsi məsələsinə də toxunulub. Bu prosesin səbəblərinin, ekoloji və sosial-iqtisadi təsirlərinin birgə öyrənilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Xəzər dənizi ilə bağlı problemin qlobal iqlim gündəliyində daha geniş yer almasının vacibliyi vurğulanıb.







