Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa məktub ünvanlayıb.
EDnews xəbər verir ki, təbrik mətnində deyilir:
“Əlamətdar tarix – Amerika Birləşmiş Ştatlarının müstəqilliyinin 250-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda dost Amerika xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Azadlıq uğrunda mübarizənin, yenilməz iradənin və demokratiyanın rəmzinə çevrilmiş İstiqlaliyyət Bəyannaməsinin iki yüz əlli il əvvəl 4 iyul tarixində imzalanması ilə müstəqilliyini elan etmiş Amerika Birləşmiş Ştatları təkcə yerləşdiyi qitədə deyil, bütövlükdə dünyada yeni nizamın qurulmasına təkan verdi. Ötən dövr ərzində şanlı inkişaf yolu keçmiş Birləşmiş Ştatlar bu gün qlobal arenada hər bir cəhətdən güclü və qüdrətli dövlətdir. Hazırda Sizin əzmlə və qətiyyətlə həyata keçirdiyiniz siyasət sayəsində ölkənizin əldə etdiyi möhtəşəm nailiyyətlərin sayı artır, beynəlxalq aləmdə liderliyi, etibarı və yüksək nüfuzu daha da möhkəmlənir.






