Avropanı bürüyən anomal isti hava dalğası Alplarda buzlaqların sürətlə əriməsinə səbəb olub.
EDnews xəbər verir ki, alimlərin məlumatına görə, İsveçrədəki buzlaqlarda qış mövsümündə toplanan qar həmişəkindən bir neçə həftə əvvəl tam əriməyə başlayıb. Bu isə buzlaqların artıq dərin buz qatlarını itirməsi deməkdir.
Mütəxəssislərin bildirdiyinə görə, İsveçrənin cənubundakı Ron buzlağında iyunun 29-da "buzlaqların ərimə günü" qeydə alınıb. Bu mərhələdən sonra buzlaqlar uzun illər, hətta əsrlər ərzində formalaşmış buz ehtiyatlarını itirməyə başlayır.
İsveçrənin buzlaqların monitorinqi proqramının rəhbəri Mattias Huss bildirib ki, yay mövsümünün hələ üç ayı qaldığından buzlaqlar üçün ən kritik dövr indi başlayır.
"İlin bu vaxtında buzlaqlar çox ağır vəziyyətdə olur", – deyə o vurğulayıb.Qeyd edək ki, iyunun sonundan etibarən Avropada müşahidə olunan rekord istilər bir sıra ölkələrdə temperaturun 40 dərəcəni keçməsinə səbəb olub. İsti hava dalğası Fransa, Almaniya, Polşa, İsveçrə, Rumıniya və Slovakiyada da ciddi fəsadlar yaradıb.







