Ermənistanın Gümrü şəhərinin həbsdə olan meri Vardan Qukasyanın vəkili Zaruhi Postanjyan Rusiya, Avropa İttifaqı və ABŞ-nin Ermənistandakı səfirlərinə müraciət edərək Baş nazir Nikol Paşinyan hakimiyyətini Gümrüdə müxalifətə qarşı siyasi təzyiqlər göstərməkdə ittiham edib.
EDnews xəbər verir ki, vəkil bildirib ki, Paşinyanın Gümrüdə növbədənkənar seçkilər keçirmək niyyətini açıqlamasından sonra şəhərin Ağsaqqallar Şurasının üzvləri və vətəndaş cəmiyyəti fəallarına qarşı siyasi təqib və təzyiqlər güclənib.
Postanjyanın sözlərinə görə, hakimiyyətin məqsədi Ağsaqqallar Şurasını buraxmaq, hüquqi boşluq yaratmaq və erkən seçkilər vasitəsilə şəhərdə nəzarəti ələ keçirməkdir.
Vəkil qeyd edib ki, keçmiş mer Vardan Qukasyanın və digər şəxslərin həbsi də bu prosesin tərkib hissəsidir. Onun fikrincə, bu addımlar müxalifətin zəiflədilməsinə və seçki prosesinə təsir göstərməyə xidmət edir.
Postanjyan müraciətində diplomatları Ermənistanda həbs olunan şəxslərin saxlanma şəraitini və onlara qarşı seçilmiş həbs qətimkan tədbirlərinin qanuniliyini izləməyə çağırıb. O, həmçinin Ermənistan hakimiyyətindən seçki prosesləri ilə əlaqədar həbs olunan şəxslərlə bağlı şəffaf məlumat açıqlamağı tələb edib.
Vəkil iddia edib ki, açıq mənbələrə əsasən, 2026-cı ildə Ermənistanda seçki prosesləri ilə əlaqədar təxminən 300 nəfər azadlıqdan məhrum edilib və onların bir çoxunun ədalətli məhkəmə araşdırması hüququ pozulub.
Qeyd edək ki, 2025-ci ilin martında Gümrü Ağsaqqallar Şurasına keçirilən seçkilərdə müxalifət koalisiya yaradaraq Ermənistan Kommunist Partiyasının üzvü Vardan Qukasyanı şəhər meri seçmişdi. Daha sonra korrupsiya ittihamı ilə saxlanılan Qukasyan barəsində həbs qətimkan tədbiri seçilib. Paşinyan isə daha əvvəl Gümrüdə yaranmış siyasi vəziyyətin "həll edilməsinin vacibliyini" bəyan etmişdi.





.jpg)

