Gün ərzində bir dəfəyə 30 dəqiqədən çox hərəkətsiz qalmaq xərçəngdən ölüm riskinin artması ilə əlaqəli ola bilər.
EDnews xəbər verir ki, bu barədə “PLOS Medicine” jurnalında dərc olunan araşdırmada bildirilib.
Araşdırmada hərəkətsizlik və xərçəngdən ölüm riski arasındakı əlaqə öyrənilib. Orta hesabla 12 il ərzində təxminən 90 min nəfərin məlumatları təhlil edilib.
Nəticələrə görə, gün ərzində oyaq vəziyyətdə 30 dəqiqədən uzun davam edən hərəkətsizlik xərçəngdən ölüm riskinin artması ilə əlaqələndirilə bilər.
Bildirilib ki, uzunmüddətli hərəkətsizliyə əlavə olunan hər bir saat xərçəngdən ölüm riskinin təxminən 10 faiz artması ilə bağlıdır.
Araşdırmada fiziki aktivliyin riski azalda biləcəyi də qeyd olunub. Belə ki, uzunmüddətli hərəkətsizliyi hər gün ütü etmək kimi 1 saatlıq yüngül fiziki fəaliyyətlə əvəzləmək xərçəngdən ölüm riskinin 12 faiz azalması ilə əlaqələndirilib.
Həmçinin gün ərzində 30 dəqiqəlik hərəkətsizliyi orta tempdə gəzinti kimi fiziki fəaliyyətlə əvəz etmək riskin 8 faiz, 5 dəqiqəlik intensiv fiziki fəaliyyətlə əvəz etmək isə 22 faiz azalması ilə əlaqəli ola bilər.
Aytac Kərimova | EDnews







