Rusiyanın iyulun 2-də Kiyevə endirdiyi zərbə Moskvanın mülki əhaliyə qarşı təzyiq taktikasından istifadə etdiyini bir daha göstərdi.
Ukraynalı hərbi-siyasi ekspert Aleksandr Kovalenko bunu Rusiyanın Ukraynaya son kütləvi hücumunun nəticələrini EDnews-a şərh edərkən bildirib.
Onun sözlərinə görə, Ukrayna Rusiyanın dərin, orta və yaxın arxa cəbhəsinə sistemli zərbələri davam etdirəcək. Bu addımların əsas məqsədi Moskvanın Ukrayna ərazisinə zərbə endirmək imkanlarını zəiflətməkdir.
“Ukrayna Rusiya Federasiyasının dərin arxa cəbhəsinə, eləcə də orta və yaxın arxa zonalarına sistemli zərbələri davam etdirəcək. İlk növbədə bu, Rusiyanın Ukraynaya zərbə endirmək imkanlarını zəiflətmək üçün edilir”, - deyə ekspert qeyd edib.
Kovalenko vurğulayıb ki, söhbət Rusiya ordusunun təminatı ilə bağlı olan hərbi, hərbi-sənaye, neft emalı və logistika obyektlərindən gedir.
Onun sözlərinə görə, Ukrayna yaşayış binalarını və mülki infrastrukturu hədəfə almır. Ekspert bildirib ki, Rusiya isə mütəmadi olaraq Ukrayna şəhərlərinə və mülki əhaliyə zərbələr endirir.
“Biz hərbi-sənaye obyektlərinə, hərbi-sənaye kompleksinə, neft emalı zavodlarına və mülki infrastruktur elementi olmayan digər obyektlərə zərbələr endirəcəyik”, - deyə Kovalenko bildirib.
Ekspert əlavə edib ki, Ukraynanın strategiyası Rusiyanın hərbi potensialını mərhələli şəkildə azaltmağa və onun Ukraynaya qarşı müharibəni davam etdirmək imkanlarını məhdudlaşdırmağa yönəlib.







