ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu telefon danışığı zamanı yaxın vaxtlarda ABŞ-də görüş keçirmək barədə razılığa gəliblər.
EDnews xəbər verir ki, bu barədə İsrail Baş nazirinin Ofisi məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı Netanyahu Trampı ABŞ-nin Müstəqillik Günü münasibətilə təbrik edib və iki ölkə arasında strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıb.
Məlumata görə, tərəflər ABŞ-də keçiriləcək görüşün vaxtının yaxın günlərdə dəqiqləşdirilməsi barədə razılığa gəliblər. Görüşdə Yaxın Şərqdəki vəziyyət, ABŞ-İsrail əməkdaşlığı və regional təhlükəsizlik məsələlərinin əsas müzakirə mövzuları olacağı gözlənilir.
Qeyd edək ki, son həftələr Vaşinqton və Təl-Əviv arasında İranla bağlı diplomatik proseslər fonunda müəyyən fikir ayrılıqları yaşansa da, liderlərin planlaşdırılan görüşünün ikitərəfli münasibətlərin gələcək istiqamətinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı bildirilir.






